“Dostları Rüstəm İbrahimbəyova xəyanət edirsə...”

dostlari-rustem-ibrahimbeyova-xeyanet-edirse
Oxunma sayı: 759


Bu günlərdə xalq şairi Musa Yaqub Ziyalılar Forumunun təşəbbüsü ilə “Dövrün dəyirmanı” adlanan yeni kitabının təqdimatını keçirdi. Şairin oxucuları qarşısında bir növ öz ömrü, yaradıcılığı ilə bağlı verdiyi hesabat olan kitabda onun bütün poemaları, eləcə də seçmə şeirləri toplanıb. Musa Yaqubla növbəti söhbətimizə şairin 75 yaşı münasibətilə işıq üzü görmüş bu kitabdan başladıq.


- Musa müəllim, “Dövrün dəyirmanı”ndan kimləri və nələri keçirmisiniz?

- Bu kitabda mənim poemalarım, yeni yazdığım şeirlər toplanıb. “Dövrün dəyirmanı” el-oba ilə, xalqın dərd-səriylə, cəmiyyətimizin problemləri ilə yaxındın bağlı olan bir kitabdır. Kitabdakı şeirlər özündə bu problemlərdən doğulan hiss-həyəcanı daşıyır. Poemalarda da belə əhval-ruhiyyə var. Ötən kitabımdan fərqi odur ki, burada poemalarım, eyni zamanda ictimai mahiyyət daşıyan yeni şeirlərim yer alıb. Bütün şeirləri, bütün yazıları bir kitaba yığmaq çətindir. Hər kitabın özünün məziyyəti var. Kitabın adına gəlincə, dəyirman mənim ədəbi qəhrəmanlarımdan biridir. Mənim ağac, təbiət, daş kimi başqa ədəbi qəhrəmanlarım da var. Bunlar elə qəhrəmanlardır ki, onların timsalında öz fikir və duyğularımı ifadə edirəm. Təqdimat Rüstəm Ibrahimbəyovun “Ibrus” teatrında oldu. Çox maraqlı keçdi. Hörmət etdiyim ziyalılar, şair və yazıçılar, sənətkarlar, akademiklər iştirak etdilər. Əksəriyyət razı qaldı. Siyasətdən bir qədər uzaqlaşıb bir balaca da olsa, poeziya ilə nəfəs aldılar. Əslində şeir özü də bir siyasətdir. Duyğu, hiss siyasətidir. Insanı düşündürməyə məcbur edən duyğudur. Quru siyasət heç nə dəyməz. Amma onu bədii ruhla inandırıcı formada deyəndə əlbəttə ki, gücü lap böyük olur.

- Musa müəllim, problem ondadır ki, indi ən qiymətli kitabları belə, oxuyanlar çox azdır. Yəqin sovet dövründəki oxucularınızı, yazdıqlarınıza reaksiya və qiymət verənləri xatırlayanda siz də bu qənaətə gəlirsiniz. Sizcə, cəmiyyəti kitablardan, mətbuatdan kim bu qədər uzaq saldı?

- Bunun səbəbləri çoxdur. Sovet dövründə mənim 7 min nüsxədən ibarət bir kitabım çıxmışdı. Onu mağazalarda tapmaq olmurdu, hamısı satılmışdı. Amma indi cəmi 500 nüsxə buraxmışıq. İndi ən ucuz əmək yazıçı əməyidir. Kitabı min bir əziyyətlə çıxarırıq, sonra dosta-yoldaşa paylayırıq. Burada maddi baxımdan heç nə qazanmırıq. Amma bu məsələyə dövlət nəzarət etsə, bizə əməkhaqqı, qonorar verilsə, vəziyyət tam fərqli olaq. Tutalım, bənna işini görür, axşam da pulunu alır. Biz bundan məhrumuq. Bir səbəb də odur ki, kitab satışı strukturu, kitabı tanıtdıran, təbliğ edən yoxdur. Əvvəl “Azərkitab” var idi. Kitabları götürürdü, satışa qoyurdu, həmçinin kitabxanalara göndərirdi. Əslində indi də belə olmalıdır. Hər şeyin reklamı var, bircə kitabdan başqa. Nə olar ki, reklam etsinlər, oxucu da baxıb həm xəbərdar olsun, həm almağa həvəslənsin. Düzdür, indi informasiya texnologiyaları o qədər inkişaf edib ki, kitaba az qala, ehtiyac qalmayıb. Amma məni ən çox dəhşətə gətirən odur ki, məktəblərdə kitab oxuyan yoxdur. Biz yuxarı siniflərdə oxuyanda oxumadığımız əsər yox idi. İndi uşaqlar bir dənə də kitab oxumurlar. Çox qəribədir. Ancaq internet, radio, telefon. Özümüz də robotlaşmışıq. Bu gediş məni çox qorxudur.

- Bəlkə problem bu sahədə dövlət siyasətinin yanlış olmasında və ya ümumiyyətlə olmamasındadır? Tutalım, sənət adamlarının bir qismini fərqləndirməklə digər qismi istər-istəməz ona qarşı qoyurlar.
- Mənəviyyat məsələlərində dövlət siyasəti yoxdur. Bundan başqa, obyektiv fərqləndirmə aparılmır. Qiymət verən yoxdur. Ad, təltif məni maraqlandırmır. Çünki şeir-sənət adla ucalmır. Ucalıq onun mənəviyyatında, işindədir. İndi kimin hakimiyyətə yaxşı münasibəti var, ona ad da verirlər, şərait də yaradırlar. Mən buna heç vaxt getməmişəm. Belə şeylərdə gözüm olmayıb. Bu sahəyə heç bir təmənna güdmədən qayğı göstərmək lazımdır ki, camaat bu mənəviyyatsızlıqdan çıxsın. Necə olur ki, şouların sayını artırırlar, cavanların başını mənəviyyatdan kənar şeylərlə qatırlar, amma bir dənə kitab təbliğatı aparmırlar? Mən demirəm ki, bütün kitablar, bütün əsərlər yaxşıdır. Çoxları elə bu mənəviyyatsızlıqdan, bu boşluqdan istifadə edib öz dəyərsiz əsərlərini ortaya salır. Amma az da olsa, yaxşılar var axı. Sözün, sənətin heç bir dəyəri qalmayıb. Şeirlə deyirsən şeiri eşitmir, xeyirlə deyirsən xeyiri eşitmir, mehrlə deyirsən mehri eşitmir. Bu səsi-sorğı heç kim eşitmir. Biganə bir mühitə düşmüşük. Ancaq onları sancanlara, tənqid edənlərə bir balaca önəm verirlər. Deyirlər ki, söz azaddır. Amma söz eşidilmirsə, ona reaksiya verilmirsə, o söz azad deyil. O söz ölü sözdür.

- Deyirsiniz ki, hakimiyyətə münasibəti yaxşı olanlara ad da verirlər, şərait də yaradırlar. Belə çıxır ki, söhbət, sənətdən yox, hakimiyyətə sədaqətdən gedir?

- Eynilə belədir. Düz sözü eşitmək, qəbul etmək istəmirlər. Müxalifət deyirsə, nahaq deyir, cəmiyyət bir məsələni qaldırırsa, nahaq qaldırır. “Hər şeyi biz bilirik, başqasını görmək, eşitmək istəmirik” yanaşması var. Vəssalam.

- Bu yaxınlarda Rüstəm İbrahimbəyovun təşkilatına alternativ bir qurum yaratdılar. Ən pisi odur ki, həmin qurumda da elə cəmiyyətin tanıdığı adamlar təmsil olunur. Belə çıxır ki, eyni sahənin adamlarını bilərəkdən üz-üzə qoyurlar.

- Alternativ qurumun yaradılması lazımsız, əhəmiyyətsiz bir addım idi. Məni ağrıdan odur ki, adlı-sanlı sənətçilər, özü də Rüstəm İbrahimbəyovun yaxından dəstəyini görmüş adamlar o quruma daxil olublar. Onlar uşaq deyillər. Sənətdə sayılan-bilinən adamlardılar. Əgər onlar da hakimiyyətin dediyinə baş əyirlərsə, demək, hələ bizim tərbiyə və cəmiyyəti qaydaya salmaq məsələlərində görüləcək çox işimiz var.
Hakimiyyət nə yol göstərirsə, o yolla da gedirlər. Adam utanır. Axı yaxşı deyil. Rüstəmə görə olmasın, başqasına görə olsun. İstənilən situasiyada mənəviyyatı qorumaq, saxlamaq lazımdır. Bu hadisə şəxsən mənə çox ağır gəldi. Rüstəm balaca adam deyil. Onu bütün dünya tanıyır və qiymətləndirir. Belə bir sənətkara onun sənət dostları xəyanət edirsə, başqalarına nə deyə bilərik? Dilimiz qısadır...

Azadlıq qəzeti