Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsində həlak olması bu qurumda son aylarda qeydə alınan növbəti ölüm faktı oldu.
“Qafqazinfo” xəbər verir ki, bu haqda BakuPost məlumat yayıb.
Bildirilib ki, iyulun 1-də Samux rayonunun Burunqovaq kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmədən çıxaraq çay yatağına düşüb. Avtomobildə olan üç nəfərdən ikisi sudan çıxa bilsə də, DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərov boğularaq həyatını itirib.
DSX-nin məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra qurumun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilib və hərbi qulluqçunun nəşi aşkar edilib.
Bu, son aylarda DSX-də baş verən yeganə ölüm hadisəsi deyil.
İnternet üzərindən araşdırmalar göstərir ki, təkcə 2026-cı ildə DSX əməkdaşları, əsgərləri və kursantları arasında bir neçə ölüm faktı ictimailəşib.
Aprelin 13-də DSX Akademiyasının I kurs kursantı Əsəd İsmayıllı vəfat edib. Məlumata görə, o, 2026-cı ildə DSX-nin Xüsusi Məktəbindən məzun olub, daha sonra Akademiyanın “Sərhəd qoşunları və idarəetmə” ixtisasına qəbul edilib.
Mayın 12-də DSX əsgəri Hüseyn Həmzə oğlu Əsədovun ölümü ilə bağlı məlumat yayıldı. O, cəmi 23 gün əvvəl çağırılmış əsgər sıra baxışı zamanı qəfil yıxılıb və həyatını itirib. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, gənc əsgərin tibbi komissiyadan necə keçməsi ilə bağlı suallar doğurmuşdu.
Mayın 19-da isə DSX-nin Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov vəfat etdiyi barədə məlumat yayıldı. Bildirildi ki, o, dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib. Məzahir İslamov 44 günlük Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğlu idi.
Mayın 25-də DSX hərbi qulluqçusu Ramin Cəbrayılovun vəfat etdiyi barədə məlumat yayıldı. Onun Beyləqan rayonu ərazisində ağır yaralandığı, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirildi.
Beləliklə, Samux hadisəsi də daxil olmaqla, təkcə son üç ay ərzində DSX ilə bağlı ən azı beş ölüm faktı ictimailəşib.
Son xəbərlər
Son Xəbərlər