Yasamalda Azərbaycan Polisi Günü qeyd edildi - Fotolar

yasamalda-azerbaycan-polisi-gunu-qeyd-edildi
Oxunma sayı: 611

İyulun 2-də Yasamal Rayon Polis İdarəsində Azərbaycan Polisinin yaranmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar öncə Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilib, əziz xatirəsi yad edilib.

Daha sonra tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, həmçinin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Daha sonra nazirin müvafiq əmrləri elan olunaraq fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Polisi Günü münasibətilə bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edərək onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb.İcra başçısı bildirib ki, polis orqanları dövlətçiliyin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycan polisi müstəqillik illərində mürəkkəb və şərəfli inkişaf yolu keçərək ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

Elşad Həsənov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və qanunçuluğun bərpasında hüquq-mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının müstəsna xidmətləri olub. Onun sözlərinə görə, məhz Ümummilli Liderin 1998-ci ildə imzaladığı Sərəncamla 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi təsis edilib ki, bu da polis orqanlarına dövlət qayğısının bariz nümunəsidir.

İcra başçısı bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib, əməkdaşların sosial müdafiəsi gücləndirilib və xidmətin səmərəliliyi daha da artırılıb.

Çıxış zamanı Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində polis əməkdaşlarının göstərdikləri qəhrəmanlıq xüsusi vurğulanıb. Elşad Həsənov qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına mühüm töhfələr veriblər. Şəhid olmuş polis əməkdaşlarının əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirən icra başçısı onların ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sonra Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon idarəsinin rəisi Fuad Təhməzov, rayon prokurorunun müavini Ramin Şirəliyev, polis veteranları və digər natiqlər çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə şəxsi heyəti təbrik edib, polis orqanlarının cəmiyyətin təhlükəsizliyinin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində mühüm rolunu qeyd ediblər.

Tədbirin sonunda fərqlənən əməkdaşlara Daxili İşlər Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olunub, xatirə şəkli çəkdirilib.