Azərbaycan polisinin yaranmasının 108 illiyi və 2 İyul - Azərbaycan Polisi Günü münasibəti ilə Naftalan şəhərində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, şəhər polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Firuz Nuriyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti və veteranları iştirak ediblər.
İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib.
Naftalan Şəhər Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan polisinin müasir inkişafı Ümummilli Lider Heydər Əliyevin hüquq-mühafizə orqanlarının gücləndirilməsinə və peşəkar polis sisteminin formalaşdırılmasına yönəlmiş məqsədyönlü siyasətinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla hər il iyulun 2-si Azərbaycan Polisi Günü elan edilmiş, bu qərar polis əməkdaşlarının fədakar xidmətinə verilən yüksək qiymətinin əyani təzahürüdür.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki bazası gücləndirilmiş, əməkdaşların sosial müdafiəsi və peşəkarlıq səviyyəsi yüksəlmişdir. Azərbaycan polisi ictimai asayişin və təhlükəsizliyin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Bildirilib ki, Naftalan şəhər Polis şöbəsinin əməkdaşları da beynəlxalq turizm mərkəzində ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və hüquq pozuntularının qarşısının alınması istiqamətində peşəkarlıqla xidmət göstərirlər.
Tədbirdə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə şəhər polis şöbəsinin rəisi polis polkovnik leytenantı Firuz Nuriyev tərəfindən şəxsi heyyətə və veteran polislərə təyin olunmuş mükafatlar təqdim olunub. Həmçinin Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov xidmətdə fərqlənən bir qrup polis əməkdaşını “Fəxri Fərman”la təltif edib, ŞPŞ-nin rəisinə xatirə hədiyyəsi təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
Son xəbərlər
Son Xəbərlər