Qusarda Polis Günü qeyd olundu - Fotolar

qusarda-polis-gunu-qeyd-olundu
Oxunma sayı: 790

Qusarda 2 iyul - Polis Günü təntənəli şəkildə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar Rayon Polis Şöbəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Azərbaycan polisi ötən dövrdə şərəfli yol keçib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb.

Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polisin vahid hüquq-mühafizə orqanı kimi formalaşdığını vurğulayıb.

Qeyd edilib ki, hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərib.

Daha sonra digər tədbir iştirakçıları çıxış edərək Azərbaycan polisinin dövlətimizin möhkəmlənməsindəki rolundan və inkişaf yolundan bəhs ediblər.

Çıxış edənlər 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə polisləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Bundan sonra xidmətdə fərqlənən polis əməkdaşlarına Fəxri Fərmanlar və mükafatlar təqdim edilib.