Əhməd barədə ekspertiza rəyi məlum oldu

ehmed-barede-ekspertiza-reyi-melum-oldu
Oxunma sayı: 8891

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Həmin rəy istintaq orqanına təqdim edilib.

Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

Əhməd Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçirilib.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.