“Ehtiyac meyarı anlayışı qanunvericilikdən çıxarılmalıdır”

ehtiyac-meyari-anlayisi-qanunvericilikden-cixarilmalidir
Oxunma sayı: 1513

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsaitlər daha çox Mərkəzi Bankın qiymətli kağızlarına yönləndirilib. Gəliri yüksəkdir, risk azdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

“Bu, başadüşüləndir. Bu o deməkdirmi ki, həm faiz dərəcəsinin yuxarı və aşağı həddinin aşağı düşməsi, həm uçot faiz dərəcəsinin azalması fonunda vəsaitlərin yerləşdirilməsindən əldə olunan vəsaitin həcmi gəlirlilik səviyyəsi və gəlirlilik norması 2023-cü illə müqayisədə az olacaq? Əgər bu az olacaqsa nə üçün nazirlik həmin vəsaitləri faiz dərəcəsi yüksək olan dövrdə yerləşdirmədi?” , - deyə deputat qeyd edib. 

V.Bayramov vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun xərclərinin az hissəsi birbaşa işsizlikdən sığortaya yönləndirilir, fondun xərclərinin 25 %-dən çoxu idarəetmə xərcləridir: “Təxminən 5 % işsizlik sığorta üçün yönləndirilir. İşsizlikdən Sığorta Fondunun maliyyələşdirilməsinə yenidən baxılmalıdır. Bundan başqa ehtiyac meyarı anlayışı, ümumiyyətlə, qanunvericilikdən çıxarılmalıdır. Ehtiyac meyarının yaşayış minimumundan az olması sosial baxımından məntiqi deyil. Düşünürəm ki, yalnız yaşayış minimumu anlayışından istifadə olunmalıdır”. 

Millət vəkilinin sözlərinə görə, qazilər və şəhid ailələri işləmədiyi halda “putyovka” istifadə etmək imkanlarına malik olmalıdır: “Onlar həssas, prioritet qrupdur. Məqsədəuyğun olardı ki, qanunvericiliyə bununla bağlı dəyişiklik olsun”.

Zaur Mirzə