Fransada tələbə etirazları - Mer onları polisdən qorumağa çalışdı - Video

fransada-telebe-etirazlari
Oxunma sayı: 496

Fransada hazırda tələbələrin təhsil sistemindəki problemlərə etiraz olaraq keçirdiyi aksiyalar davam edir. Təhsil sistemindəki çatışmazlıqlar və bərabərsizliklərə qarşı yönələn aksiyalar qısa zaman ərzində ölkə boyu genişmiqyaslı etirazlara çevrilib, nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalara səbəb olub. Ümumilikdə aksiyalar çərçivəsində 6000-dən çox şəxs saxlanılıb ki, onların da təqribən 87 faizini yeniyetmələr və ya tələbələr təşkil edir. 

“Qafqazinfo” xəbər verir ki, iğtişaşlar zamanı ən son diqqətçəkən məqamlardan biri Sen-Deni şəhərinin meri Balli Baqayokonun etirazçı tələbələri hüquq-mühafizə qüvvələrindən qorumağa çalışması olub.

“Əyilməz Fransa” (LFI) partiyasının nümayəndəsi olan Baqayokonun polislə etirazçılar arasına girərək polis əməkdaşlarına “Dayanın, geri çəkilin!” deyə qışqırmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. 

“Mən merin olmalı olduğu yerdə, gənclərimizin yanında idim”, - mer hadisə ilə bağlı danışarkən bildirib. 

Aksiyaların gedişatında baş verən toqquşmalar və tətbiq olunan sərt təhlükəsizlik tədbirləri həm hüquq müdafiəçiləri, həm də həmkarlar ittifaqları tərəfindən müzakirələrə səbəb olub. Belə ki, hazırda davam edən iğtişaşlar fonunda nümayişçilərə qarşı təzyiq və zorakılıq göstərilməsi insan hüquqlarının və fundamental azadlıqların qorunması ilə bağlı ciddi narahatlıqlar yaradıb. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və digər xüsusi vasitələrdən istifadə etməsi kəskin etirazlara səbəb olub.

İğtişaşlar zamanı saxlanılan şəxslərlə bağlı da suallar yaranıb. Hüquq müdafiəçiləri insanların yalnız etiraz aksiyalarında iştirak etdikləri və ya nümayişlərə yaxın olduqları üçün saxlanılması faktlarının araşdırılmasını tələb edirlər. Bununla yanaşı, saxlanılanların əksəriyyətinin 18 yaşdan az yeniyetmələr olması vurğulanaraq bunun onlara gələcək təsirlərinə xüsusi diqqət yetirilməsi tələb olunub. 

Eyni zamanda, etirazları işıqlandıran jurnalistlərin saxlanılması, xəsarət alması və ya fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı məlumatlar da mətbuat və ifadə azadlığının pozulmasından xəbər verir. 

Diqqətçəkən məqamlardan biri “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransada baş verən bu hadisələrə münasibət bildirməməsidir. Digər ölkələrdə insan hüquqları və media azadlığı ilə bağlı hadisələrə daim reaksiya verən bu təşkilatların Fransadakı aksiyalar zamanı baş verən hüquq pozuntularını görməzdən gəlməsi diqqətdən yayınmır.

Bununla yanaşı, aksiyaların getdikcə daha geniş vüsət almasına baxmayaraq, tələbələrin və şagirdlərin irəli sürdükləri təhsilə daha çox maliyyə vəsaitinin ayrılması, eləcə də müəllim çatışmazlığının aradan qaldırılması kimi əsas tələblərlə bağlı Fransa hökuməti hələ əməli tədbirlər görməyib.