“Gecə 4-ün yarısıdır, insanların yatdığı vaxtda belə iş görürlər” - Video-Yenilənib

gece-4-un-yarisidir-insanlarin-yatdigi-vaxtda-bele-is-gorurler
Oxunma sayı: 3506

“Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən ərazidə “Etibarlı Residence” şirkəti tərəfindən gecə saatlarında tikinti işləri aparılır”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin massivin sakini Səbuhi Musayev müraciət edib.

Gecə saat 3-4 arası aparılan tikintidən narazılıq edən şikayətçi bildirir ki, həmin saatda gedən iş prosesi və səs-küy bina sakinlərini narahat edir: “Etibarlı Residence” tərəfindən binamızın arxa hissəsində qəsəbənin görüntüsünün qarşısını alacaq dərəcədə bina ucaldılır. Mən iddia etmirəm ki, bu, qanunsuz tikilidir. Amma gecə saatlarında görülən işlər qanunsuzdur və ictimai asayişi pozur. Niyə insanların yatdığı vaxtda belə bir iş görürlər?! Səs-küydən gecə yatmaq olmur. Binada sağlamlıq problemi olanlar, uşaqlar, yaşlılar yaşayır. Bu bizi narahat edir və hüquqlarımızı pozur”.

S.Musayev, həmçinin qeyd edir ki, əvvəllər sakinlərin etirazı nəticəsində bina tikintisinin qarşısı alınsa da, bu yaxınlarda iş prosesi yenidən başlayıb: “Onda da tikintiyə cəhd eləmişdilər, amma etiraz etmişdik. Nəticədə tikintinin qarşısı alınmışdı. Bu yaxınlarda həmin ərazini yenidən çəpərlədilər. Hətta ərazidəki tədris mərkəzini belə yıxmağa çalışdılar. Mərkəzin rəhbəri isə buna icazə vermədi və oranın özəl mülkü olduğunu bildirdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi də məsələdən xəbərdardır. Komitənin qaydalarına görə, binalar arasında yaxınlıq standartları var və bu, pozulub”.

Eyni şikayətlə saytımıza müraciət edən digər vətəndaş Aytac Fərzəliyeva da vurğulayır ki, öncəki tikinti ilə bağlı şikayət məktubları ünvanladıqdan sonra ərazidəki işlər dayandırılıbmış: “Bir neçə il əvvəl həmin ərazidə çoxmərtəbli binanın tikintilərinə başlanıldı. Bu zaman 190 nömrəli məktəbin stadionunda çatlar yarandı. Yaşadığımız 27-ci binada tikinti zamanı titrəmə baş verdi. Hüquq-mühafizə orqanlarını çağırdıq və televiziyalar çəkiliş apardı, tikinti işləri dayandırıldı”.

Lakin 4-5 gün əvvəl yenidən tikinti işlərinə başlanılıb. Sakinlər yaşadıqları binada zəlzələyə bənzər güclü titrəyişin olduğunu qeyd edirlər: “Əvvəlcə zəlzələ olduğunu düşündük. Sonra səs-küyü eşidib həyətə baxdıq, gördük ki, yenidən işlərə başlanılıb. Bura çox təhlükəli ərazidir. Gecədən səhərə qədər tikinti işləri davam edir. Həmin tikintidən sonra məktəbin stadionu çökə bilər. Stadionun yanında parklanma yeri var, stadion uçsa, həmin ərazidə dayananların başına uçacaq. Hətta yaşadığımız bina da çökə, sakinlər xəsarət ala bilər. Bizim bina ilə yeni tikiləcək bina arasındakı məsafə 5-6 metrdir. Nəsə bir xəta olsa, ölüm-itimdən sonra tədbir görülməlidir?”

Şikayətçinin bizə göndərdiyi məlumat lövhəsindən də aydın olur ki, tikinti işlərinin 2027-ci ilin may ayında yekunlaşacağı gözlənilir. 

Mövqelərini öyrənmək məqsədilə şikayətdə adı hallanan “Etibarlı Residence” şirkətinin sosial şəbəkə hesabında qeyd edilən nömrələri ilə əlaqə saxladıq. Qeydiyyat şöbəsi bizi Asif adlı əməkdaşa yönləndirsə də, həmin şəxs zənglərimizi cavabsız qoydu.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə qazıntı işləri yaşayış binasının tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq tikintiyə icazə sənədi əsasında aparılır: “Suraxanı RİH tərəfindən həmin şirkətə tövsiyə olunub ki, gecə saatlarında işlər həyata keçirilməsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də əlaqə yaratdıq. Qurumun cavabında qeyd olundu ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, ev 27 ünvanında aparılan tikinti işləri 27 fevral 2025-ci il tarixli icazə əsasında həyata keçirilir: “İcazə müvafiq qanunvericiliyə uyğun olaraq, bütün aidiyyəti dövlət orqanlarının müsbət rəyləri alındıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib.

Təsdiqlənmiş icazəyə uyğun olaraq, sözügedən ərazidə kompleks tikinti - mövcud yaşayış mühitinə uyğun memarlıq üslubunda iki 9 mərtəbəli yaşayış binasının inşası planlaşdırılır. Layihə Baş Planın prinsiplərinə uyğun olaraq, həmçinin gündəlik xidmət obyektlərinin yerləşdirilməsini nəzərdə tutur ki, bu da ətrafda yaşayan sakinlər üçün əlçatanlığı və rahat mühiti təmin edəcək.

Qeyd edək ki, tikinti işlərinin təhlükəsizliyi ilə bağlı nəzarət məsələləri Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının səlahiyyətlərinə daxildir. Həmçinin eyni qurum icazənin verilməsindən əvvəl müsbət rəy vermiş dövlət strukturlarından biridir. Eyni zamanda, burada tikinti sıxlığı müasir şəhər standartlarına uyğun şəkildə müəyyən edilib”.

FHN-in isə mövqeyi bu oldu ki, əraziyə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilib: “Araşdırma zamanı sözügedən ünvanda “Etibarlı” MTK tərəfindən 2 ədəd, 1 girişli, 9 mərtəbəli yaşayış binalarının tikintisinə başlanması faktı müəyyən edilib. 

Tikinti-quraşdırma işlərinə başlanması üçün əsas olan Dövlət Memarlıq və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27.02.2025-ci il tarixli İcazə sənədi verilib”.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Mədinə Useynova