Baharın gəlişini, təbiətin oyanışını və yenilənmə rəmzi olan Novruz bayramını böyük coşqu və zəngin milli ənənələrlə qeyd etmək məqsədilə Gəncə “Dünya Məktəbi”ndə “Paxlava” adlı möhtəşəm festival təşkil olunub.
Tədbir məktəbin təşəbbüsü və təşkilatçılığı ilə baş tutaraq həm şəhər ictimaiyyətini, həm də regionlardan gələn qonaqları bir araya gətirən rəngarəng bayram platformasına çevrilib.
Festivalda Gəncə və Samux rayon İcra Hakimiyyətlərinin nümayəndələri, ölkənin müxtəlif bölgələrindən gəlmiş sənətkarlar, misgərlər, dülgərlər, incəsənət xadimləri, şirniyyat ustaları, eləcə də Gəncə və ətraf regionların məktəbliləri iştirak ediblər. Tədbir milli-mədəni irsin təbliği, ənənəvi sənətkarlığın və xalq mətbəxinin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Festival proqramı tədbirin əsas simvolu olan Paxlava maskotu ilə başladı. Milli şirniyyatımızın rəmzi obrazı səhnədə çıxış edərək tamaşaçılara bayram ab-havası bəxş edib. Ardınca milli Azərbaycan çayının simvolu olan armudu stəkan maskotu ilə birlikdə təqdim olunan sevgi və dostluq mövzulu rəqs-performansı festivalın rəsmi açılışına xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin rəsmi hissəsində tanınmış alim və ictimai xadim, professor Hamlet İsaxanlı, “Dünya Məktəbi” MMC-nin direktoru Aygün İsayeva və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər. Natiqlər Novruzun Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı zəngin mədəni irsin, milli birlik və həmrəylik ənənələrinin parlaq təcəssümü olduğunu vurğulayıb, bu cür tədbirlərin gənc nəslin milli dəyərlər ruhunda yetişməsində mühüm rol oynadığını qeyd ediblər.
Festival boyunca təqdim olunan rəngarəng proqram tədbirə xüsusi canlılıq qatıb. Milli və müasir rəqslər, kəndirbazların ustalıqla nümayiş etdirdikləri maraqlı performanslar, həmçinin ənənəvi xalq sənətkarlığı nümunələri iştirakçıların böyük marağına səbəb olub.
Bayram süfrəsinin ayrılmaz hissəsi olan milli təamlar da festivalın ən diqqət çəkən məqamlarından biri olub. Tədbir ərazisində qurulan ocaqlarda və təndirlərdə isti-isti hazırlanan turşulu qovurmalı plov, qutab, fəsəli və müxtəlif şirniyyatlar qonaqlara təqdim edilib. Xüsusilə Novruzun rəmzi sayılan paxlava və digər şirniyyat növləri festivalın əsas kulinariya məqamlarından biri kimi böyük rəğbətlə qarşılanıb.
“Paxlava” festivalı yalnız bayram tədbiri deyil, həm də milli mədəniyyətin, xalq yaradıcılığının və Azərbaycan mətbəxinin zənginliyinin nümayiş etdirildiyi əsl mədəni platformaya çevrilib. Gəncə “Dünya Məktəbi”nin təşkil etdiyi bu tədbir Novruzun sevincini paylaşmaq, milli ənənələri yaşatmaq və gənc nəslə ötürmək baxımından yadda qalan bayram tədbirlərindən biri kimi iştirakçıların yaddaşında iz buraxıb.
Son xəbərlər
Son Xəbərlər