“Haqqımda dediklərini sübut etməsələr, təzminat tələbim olacaq” - Xudayarın anası

haqqimda-dediklerini-subut-etmeseler-tezminat-telebim-olacaq
Oxunma sayı: 2126

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanovanın Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan iddiaları təkzib edib.

O həmin şəxsləri məhkəməyə verəcəyini bildirib: “Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.

Həmçinin R.Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini deyib.

“O yazını mən yazmamışam. Biz özümüz də istəyirdik ki, o yazı silinsin. Mən o yazının silinməsinə heç bir etiraz etmirəm. Allah Ali Baş Komandanımızın canına sağlıq versin. Xankəndidə gözəl Zəfər Parkı yaradılıb. Orada Xudayarın təsviri var. Bundan gözəl, bundan böyük, bundan şərəfli nə ola bilər?”, - deyə şəhid anası əlavə edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, X.Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.