Həmin şirkətlər ciddi narahatdır - “Daha çox vaxt lazımdır”

hemin-sirketler-ciddi-narahatdir
Oxunma sayı: 1480

Son günlər Milli Məclisdə elektron siqaretlərin qadağan olunması ilə bağlı aparılan müzakirələr cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun Marja.az-a istinadən məlumatına görə, Azərbaycana elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlərin (“Mana Group” MMC, “Elux Group” MMC, “Pro Vape” MMC, “STM Smok” MMC, “My Vape” MMC,  “İnar Group” MMC, “Camel Trading” MMC, “Z1” MMC və “Estm Smok” MMC) sahibkarları bildirirlər ki, dövlətin əsas məqsədi olan ictimai sağlamlığın qorunmasını anlayışla qarşılayır və dəstəkləyirlər.

Bununla belə, müzakirə olunan qısamüddətli və kəskin qadağa mexanizmi ciddi iqtisadi və sosial risklər yarada bilər.

Sahibkarlarla aparılan müzakirələr göstərir ki, 1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Sahibkarların böyük əksəriyyəti bildirir ki, mövcud stokların qanuni şəkildə realizasiyası üçün ən azı sentyabr ayına qədər keçid müddətinə ehtiyac var.

Hazırkı halda:

-Küllü miqdarda məhsul artıq aksiz, gömrük və vergi ödənişləri edilərək idxal olunub və ya yoldadır;

-Kəskin qadağa 90%-ə yaxın sahibkarın fəaliyyətini dayandırması riskini yaradır;

-Təxminən 2 000 nəfər işsiz qalma təhlükəsi ilə üz-üzədir;

-Banklar və dövlət strukturları kredit gecikmələri, məhkəmə çəkişmələri və sosial gərginliklə qarşılaşa bilər.

Sahibkarlar hesab edirlər ki, keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması:

-mövcud stokların qanuni şəkildə tükədilməsinə,

-bizneslərin digər sahələrə adaptasiyasına,

-iş yerlərinin qorunmasına,

-dövlətin fiskal və sosial maraqlarının balanslı şəkildə təmin olunmasına imkan verər.

Beynəlxalq təcrübə göstərir ki, tam qadağa deyil, sərt və ağıllı tənzimləmə daha effektiv nəticə verir. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-da bu sahə:

-lisenziyalaşdırma,

-yaş məhdudiyyətləri,

-məhsul standartları,

-ciddi cərimələr və nəzarət mexanizmləri ilə tənzimlənir.

Nəticə olaraq

Azərbaycanda da məqsədəuyğun yol — ictimai sağlamlığı qoruyaraq, eyni zamanda minlərlə insanın dolanışığını riskə atmayan balanslı qərarın verilməsidir. Keçid dövrü ilə müşayiət olunan sərt nəzarət modeli həm dövlət, həm biznes, həm də cəmiyyət üçün daha sağlam nəticələr vəd edir.