“Mətbuatda xəbər verilir ki, 2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 42 465,69 ton palma yağı idxal edilib. Sonrakı iki ayda da idxalın eyni templə davam etdiyini nəzərə alsaq, sadə hesablama yolu ilə ölkə əhalisinin ildə 50 min tondan artıq palma yağı istehlak etdiyi məlum olur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Tibb Universitetinin dosenti Fuad İslamzadə yazıb.
O qeyd edib ki, bu qədər yağ əhaliyə kiloqramı 15 manatdan 40 manata qədər olan qablaşdırılmış yağların tərkibində yedizdirilir: “Bu isə o deməkdir ki, hər bir Azərbaycan vətəndaşına il ərzində 5 kq və daha artıq palma yağı yedizdirilir. Ancaq hamıya məlumdur ki, bizim pərakəndə satış obyektlərində satılan yağların heç birinin üstündə palma yağı yazılmayıb. Demək, bu qədər yağ Azərbaycan xalqına 1 kiloqramının qiyməti 15 manatdan 40 manata qədər olan qablaşdırılmış yağların, qeyri-adi dərəcədə baha qiymətə satılan süd və süd məhsullarının, həmçinin biskvit və digər şirniyyatın tərkibində yedizdirilir.
Palma yağının insan orqanizmi üçün ən ziyanlı yağ olduğu şübhə doğurmur və bu yağın alınıb Azərbaycana gətirilməsi üçün hər kiloqramına 1,38 dollar ( 2,35 AZN) xərc çəkilir. Bir sözlə, əhali tərkibinə palma yağı daxil olan məhsulları həm dəyərindən dəfələrlə artıq qiymətə alır, həm də bu yolla öz orqanizminə ziyan vurur”.
Son xəbərlər
Son Xəbərlər