“Husilər əmri İrandan almır”

husiler-emri-irandan-almir
Oxunma sayı: 1520

“Yəməndəki husilər İrandan heç bir əmr almır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “CNBC”yə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. 

Onun sözlərinə görə, fələstinliləri müdafiə edən Yəmən və digər region ölkələrinin xalqları Tehranın göstərişləri ilə deyil, öz təcrübə və maraqlarına uyğun hərəkət edirlər. 

Abdullahian əlavə edib ki, İran ABŞ-nin Qəzza zolağındakı müharibəni dayandırmasını istəyir və Amerikanın İsrailə dəstəyi regionda qeyri-sabitliyin kökünü təşkil edir. 

Xatırladaq ki, yanvarın 12-si ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əməliyyat zamanı husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.

Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.