İlham Əliyev ABŞ-dən istədiyi hər şeyi aldı...

ilham-eliyev-abs-den-istediyi-her-seyi-aldi
Oxunma sayı: 2050

Dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq münasibətlərini yaratmaq Azərbaycanın yalnız diplomatik nailiyyəti deyil, həm də dövlətçiliyinin qüdrətlənməsinə, inkişafının davamlılığına, gələcək hədəflərinin reallaşmasına ən ali səviyyədə təminatdır. Vitse-prezident Ceyms Devid Vensin səfərinin nəticələri və imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” həm də Azərbaycanın Qafqazın lideri və Avrasiyanın vacib aktorlarından biri kimi fəaliyyətini daha da genişləndirməsinə ABŞ dəstəyinin “yol xəritəsi”dir.

Dünənki müzakirələr və imzalanan sənəd bir daha təsdiqlədi ki, ABŞ Azərbaycanı Qafqaza, Mərkəzi Asiyaya açılan əsas qapısı ikmi dəyərləndirir. Bakı Vaşinqton üçün ətraf bölgələrlə etibarlı əməkdaşlığı təmin edəcək mühüm platforma kimi nəzərdə tutulur. 

Digər tərəfdən, Azərbaycan ABŞ-nin mühüm regional tərəfdaşı olmaqla yanaşı, qlobal miqyasda da strateji müttəfiqi kimi qəbul edilir və bu, bütün dünyaya elan olunur. Ağ Ev Bakının beynəlxalq ticarət-tranzit bağlantısı kimi vacib iqtisadi aktora çevriləcəyini və Azərbaycanın qlobal iqtisadiyyata daha sıx inteqrasiyasının təminini bəyan edir. Ölkəmiz dünyanın əsas gücü tərəfindən həm də beynəlxalq təhlükəsizliyin təminində də mühüm tərəfdaş kimi qəbul olunur.

Ümumiyyətlə, strateji tərəfdaşlığın elan edilən bütün sahələri - iqtisadiyyat, ticarət, maliyyə, enerji, sərmayə, müdafiə, müdafiə sənayesi, təhlükəsizlik, kibertəhlükəsizlik, özəl sektor, süni intellekt, rəqəmsal inkişaf, dəniz və hava nəqliyyatı, multimodal logistika və digər istiqamətləri üzrə əməkdaşlıq yalnız Azərbaycan-ABŞ münasibətləri çərçivəsində deyil, regional və qlobal miqyasda elan olunur.

Tarixən neqativ və ziddiyyətli olan Vaşinqton-Bakı münasibətləri son 6 ayda elə köklü dəyişikliklərə, inqilabi təsirlərə məruz qalıb ki, ölkəmizə 30 il “907-ci düzəliş” kimi rəzil sanksiya tətbiq edən Ağ Ev indi Azərbaycanla strateji tərəfdaşlığını Avrasiya bölgəsindəki fəaliyyətinin əsas istinad sütunlarından biri kimi qərarlaşdırır. 

Xüsusi məmnunluq doğuran məqam isə vitse-prezident C.Vensin “əvvəlki adminstrasiyaların Azərbaycana qarşı səhvə yol verdiklərini və sərsəm siyasət yürütmələrini” etiraf etməsi idi. Diplomatiyada bu, rəsmi üzrxahlıq kimi səciyyələnir. 

Ağ Ev səhvin ABŞ-də olduğunu bildirir, son 6 aydakı əməkdaşlığı tarixi dəyişiklik kimi qəbul edir və bununla da kifayətlənməyərək, C.Vensin təbirincə desək, “münasibətlərdə səhifə çevirmək və növbəti fəslə keçmək” istəyir. 

Bu gün unikal diplomatik münasibət kimi qəbul edilən ABŞ-Azərbaycan əməkdaşlığı Tramp adminsitrasiyası tərəfindən hələ yetərli sayılmır və daha sıx, daha effektiv, daha faydalı tərəfdaşlıq arzulanır. Prezident İlham Əliyev bu xahişə “Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”, - deyərək xeyir-duasını verdi. 

Nəzərə alaq ki, Tramp administrasiyası dünyada nə qədər çox münaqişəni (onların çoxunu elə Ağ Evin əvvəlki rəhbərləri yaratmışdı) həll edib, qlobal sülhə böyük töhfə versə də, ikitərəfli münasibətlərdə böyük gərginlik yaşayır. Əsasən Avropa İttifaqına daxil olan ölkələrin, həmçinin dünyanın əsas güc mərkəzlərinə çevrilən digər dövlətlərin iqtisadi və hərbi maraqlarını açıq-aşkar tapdalayan rəsmi Vaşinqton hesab edir ki, dünya düzəninin yeni korrektələrə ehtiyacı var. Məlum dövlətlərin onilliklər boyu formalaşan aşkar ekspansiya siyasətləri, yarıgizli müstəmləkə ənənələri ABŞ tərəfindən tədricən dağıdılır. Formalaşan “yeni dünya düzənində” köhnə aktorların – Avropa İttifaqından Rusiyayadək, Çindən Hindistanədək təsirləri azaldılır. 

Əlbəttə ki, Trampın “yeni dünya dizaynı” daha çox öz ölkəsinin maraqlarına xidmət etsə də, köhnə aktorların dağıdıcı, nifaqçı, terror və savaşyönümlü fəaliyyətlərindən daha ədalətli, effektli və faydalıdır. Məsələn, Azərbaycan həm Qarabağ zəfərinin ən ali beynəlxalq səviyyədə – Ağ Evdə rəsmən tanınmasına, həm iki ərazisini birləşdirəcək dəhlizin təminatına, eyni zamanda, fövqəldövlət tərəfindən Qafqazın lideri – əsas söz sahibi kimi qəbul edilməyə nail oldu. Müstəqilliyini, dövlətçiliyini, zəfərini, inkişafının davamlığını daha da möhkəmləndirərkən, əvəzində ABŞ-yə verilən əslində, heç nə (!) oldu. 

Yəni İlham Əliyev ABŞ-dən istədiyi hər şeyi aldı, əvəzində isə heç nə vermədi! 

Yuxarıda qeyd etdik, Trampın “köhnə dünya”ya aid qüdrətli dövlətlərlə, əsasən də Avropa ölkələri ilə münasibətləri gərgindir, ikitərəfli əməkdaşlıqlar “soyuq müharibə” dövrünü xatırladır. Bu kontekstdə Ağ Evin sağlam münasibət yaratdığı 7-8 ölkə arasında Azərbaycanın da olması, bu azmış kimi əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi birmənalı olaraq, Prezident İlham Əliyevin böyük diplomatik uğuru, liderlik nailiyyətidir. 

Tramp çətin adamdır, onun “damarını tutmaq”, onu başqa dövlətin maraqlarının ödənməsinə yönləndirmək, ondan xoş söz və münasibət gözləmək müşküldür, daha doğrusu mümkünsüzdür. Amma Ona da İlham Əliyev deyərlər – nə mümkünsüzləri mümkün etdi, nə müşkülləri gerçəyə çevirdi…

Tramp bu gün qlobal miqyasda Azərbaycanın ən böyük lobbiçisi, ən səmimi dostu, ən fədakar müdafiəçisidir. İlham Əliyevin hər bir təşəbbüsü ABŞ Prezidenti tərəfindən birmənalı dəstəklənir. 

Tramp Suriyada, Fələstində yeni dövlət sisteminin formalaşmasında, Avrasiyanın müasir logistik və enerji dəhlizlərinin qurulmasında, beynəlxalq təhlükəsizliyin təminatında, köhnə münaqişə ocaqlarının söndürülməsində, bir sözlə qlobal miqyaslı əksər proseslərdə İlham Əliyevin xidmətlərindən, iştirakından bəhrələnir, ona güvənir. Son 6 ayın timsalında baş verən onlarla hadisə, çoxsaylı görüşlər bu fikirlərdə əsla mübaliğə olmadığının əyani təsdiqidir. 

Köhnə dünya düzəninin ən ağır fəsadlarını, fəlakətlərini onilliklər boyu yaşayan Azərbaycan bu gün İlham Əliyevin şəxsində və Trampın dəvəti ilə artıq yeni dünya düzəninin formalaşmasında fəal iştirak edir.

ABŞ Azərbaycanla strateji tərəfdaş, Trampla İlham Əliyev isə səmimi dostdurlar. Və bu dostluq yalnız Trampın dilindən bir xitab kimi səslənmir, yeni dünya quruculuğunda Azərbaycan Prezidentinə olan güvənlə müəyyənləşir. 

İlham Əliyev 17 yaşlı tələbə olarkən öyrənməyə başladığı diplomatiyanın bu gün ən möhtəşəm nəzəri cildlərini, ən böyük təcrübə məktəbini, ən mükəmməl salnamələrini yaradır!

Əməkdar jurnalist İxtiyar Hüseynli