15 milyon izləyicisi silindi

15-milyon-izleyicisi-silindi
Oxunma sayı: 631

İnstaqram istifadəçiləri son günlər platformada izləyici saylarında qəfil və kəskin azalmalar olduğunu bildiriblər. Bu vəziyyət sosial şəbəkədə “kütləvi hesab silinməsi” və ya “bot təmizlənməsi” aparıldığı ilə bağlı müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bir çox istifadəçi, o cümlədən məşhurlar və influenserlər qısa müddətdə minlərlə, bəzi hallarda isə daha çox izləyici itirdiklərini bildiriblər.

Sosial mediada yayılan məlumatlara görə, bu azalma bəzi yüksəkprofilli hesablarda da qeydə alınıb.

“Meta” hələlik bununla bağlı ətraflı açıqlama verməyib. Lakin şirkət ümumi siyasət çərçivəsində saxta, bot və qeyri-aktiv hesabların vaxtaşırı silindiyini təsdiqləyir.

“Meta”nın məlumatına görə, bu cür təmizləmələr platformanın “etibarlılığını qorumaq”, spamı azaltmaq və daha real istifadəçi statistikasını təmin etmək məqsədi daşıyır. Yəni izləyici sayındakı dəyişikliklər çox vaxt sistemli “təmizləmə” proseslərinin nəticəsi olur.

Son “təmizlik”də bəzi istifadəçilərin qısa müddətdə ciddi izləyici itkisi yaşaması diqqəti xüsusilə cəlb edib. İnfluenser və məşhurlar üçün izləyici sayı brend dəyəri və reklam gəlirləri ilə birbaşa əlaqəli olduğu üçün bu dəyişikliklər daha çox diqqət çəkir.

Yayılan iddialara görə, bəzi tanınmış hesablar da bu prosesdən təsirlənib.

Belə ki, yayılan siyahıda məşhurların silinən izləyici sayları aşağıdakı kimidir:

- Kayli Cenner - 15.000.000

- Kriştiano Ronaldo - 8.000.000

- Selena Qomez - 6.000.000

- Ariana Qrande - 6.000.000

- Teylor Svift - 4.000.000

- Castin Biber - 5.000.000

- Demet Özdemir - 400.000

- Çağatay Ulusoy - 100.000

- Pınar Deniz Yıldırım - 100.000

- Burak Deniz - 100.000.

Lakin bu rəqəmlər rəsmi olaraq təsdiqlənməyib.

Qeyd edək ki, instaqram əvvəllər də dövri olaraq saxta hesabların silinməsi əməliyyatları həyata keçirib. Bu proseslər zamanı platformada izləyici saylarında qısamüddətli enişlər müşahidə olunub.