“Keçmiş ərim bıçaqla məni vurmaq istəyirdi, dostuma dəydi” - Aysel Şükürova+Yenilənib

kecmis-erim-bicaqla-meni-vurmaq-isteyirdi-dostuma-deydi
Oxunma sayı: 10463

Bloqer Aysel Şükürova keçmiş əri Elşən Əsgərli tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Bloqerin sözlərinə görə, keçmiş əri onu görüşə çağırıb və bu zaman bıçaqdan istifadə edib:

“Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq onlardan birinin əlinə, ayağına girdi”.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, paylaşımdan məlumatlıdırlar. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Elşən Əsgərli Aysel Şükürovanın ilk əri olub.

***

Məsələ ilə bağlı Elşən Əsgərlinin mövqeyini öyrəndik.

Elşən Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qarşı tərəf onu görmək məqsədilə onu görüşə çağırıb:

“Dedi ki, görüşdən əvvəl otur maşında söhbət edək. Anası ilə qarşıda oturmuşdu. Söhbət zamanı mənə çox pis söyüşlər söydü, əl atıb üzümü cırdı. Hətta yoldan keçən qadın yaxınlaşıb dedi ki, ayıbdı yolun ortasında söyüş söyməyin”.

E. Əsgərlinin iddiasına əsasən, ana-bala həmin qadını yerə yıxaraq döyüblər:

“Mənim əlimdə bıçaq olmayıb, yalan söhbətdir. Bu işdə zərərçəkmiş mənəm, Aysel deyil. DİN-in 102 qaynar xəttinə də məlumat vermişəm. Qaldı ki, aliment məsələsinə mən hər ay vaxtında ödənişi edirəm. Gecikmədən söhbət belə gedə bilməz”.