“Kimsə hakimiyyəti ciddi şəkildə narahat etmirsə...” – Müsahibə

kimse-hakimiyyeti-ciddi-sekilde-narahat-etmirse-musahibe
Oxunma sayı: 842




Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:


- Ən başdan başlayaq, sizin üçün hər şey haradan başlayıb?

- Başlayaq, amma nəyin başlanğıcı?

- Fəaliyyətinizin...

- İctimai fəliyyətimin başlanğıcı 2004-cü ilə təsadüf edir. Bakı Dövlət Universitetdə təhsil aldığım zaman təhsil sistemindəki korrupsiyaya qarşı etiraz əlaməti olaraq bir qrup gənclə kampaniyaya başlamışdıq və bu kampaniya “Təhsildə rüşvətə yox!” adlanırdı. Kampaniyanın əsas məqsədi Azərbaycan təhsil sistemində rüşvətin aradan qaldırılmasına nail olmaq idi. Bu müddət ərzində mənə çox təzyiqlər olundu, universitetdən xaric olunmaqla bağlı göstəriş gəlmişdir və magistraturanı “Xəzər” Universitetində davam etdirdim, həmin müddətdə də göstərişlər gəlirdi. Amma ilk addımlarda bizə çox gənclər dəstək oldular. Açdığımız saytdan cəmi bir neçə gün ərzində iki mindən çox tələbə qeydiyyatdan keçdi. Mən bir müddət bu fəaliyyətlə məşğul oldum və anladım ki, sadəcə “Rüşvətə yox!” deməklə rüşvət aradan qalxmır, daha əhatəli bir fəaliyyətlə məşğul olmaq lazımdır. Həmin müddətdə dünyanın ən böyük tələbə təşkilatı olan “AIESEC”lə tanış oldum və düşündüm ki, bu təşkilat vasitəsi ilə Azərbaycan gəncləri xaricə getsələr, digər ölkələrdə cəmiyyətlərin nə qədər ədalətli, açıq, azad olduğunu görərlər və qayıdanda bu dəyişiklikləri tələb edəcəklər. Bu təşkilat dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərir.

Amma təəssüf ki, Azərbaycanda fəaliyyət göstərmirdi. Həddindən artıq böyük şəbəkəsi olan təşkilatdır, 60 illik tarixi və miliyondan artıq məzunu var. Məzunları arasıda bir neçə ölkənin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri və iş adamları var. Fikirləşdim ki, bunu Azərbaycana gətirmək lazımdır, Azərbaycan gənclərinə imkan yaratmaq lazımdır ki, gedib təhsillərini davam etsinlər, işlə məşğul olsunlar və peşəkar olaraq Azərbaycana qayıtsınlar. Mən bu təşkilatı Azərbaycanda qurdum və bu təşkilatın qurulmasına iki ilimi sərf etdim. Bu təşəbbüs də uğurlu oldu və öz nəticəsini verdi. Bu gün tanımadığım bir çox gənc bu təşkilat vasitəsi ilə xaricdə təhsilini davam etdirib qayıdıblar. O dövrdə növbəti yadda qalan bir hadisə 2007-ci il də Tarif Şurasının kommunal xidmətlərin qiymətini bir neçə dəfə qaldırmasına etirazım idi. Həmin müddətdə mən “susmayaq.biz” saytını açmışdım və mənə xəbərdarlıq olunmuşdu ki, bu saytı bağlamaq lazımdır.

-Kim tərəfindən xəbərdarlıq olundu?

- Hakimiyyət tərəfindən müəyyən tanışlarım vasitəsi ilə xəbərdarlıq olundu ki, sayt bağlanmasa, səninlə bağlı tədbir görüləcək. Mən saytı bağlamadım, amma bir neçə saat ərzində ölkə ərazisindən sayta daxil olmaq qadağan olundu və mən 12 sutkalıq azadlıqdan məhrum edildim.

- İlk dəfə?

- Bəli, ilk dəfə. İki gün sonra Apellyasiya Məhkəməsi gənclərin təzyiqləri, etirazlarınına və dövlət daxilidə bəzi şəxslərin müdaxiləsinə görə mən azadlığa buraxıldım. Sonra ABŞ-da müraciət etdiyim universitetdən müsbət cavab gəldi və 2007-2009-cu illərdə təhsilimi orada davam etdirdim. Daha sonra qayıtdım Azərbaycana.Fəaliyyətimi davam etdirdim, parlament seçkilərində iştirak etdim.

- Gəlin bu seçkilərdən danışaq. Son günlər Razi Nurullayevlə bu seçkilərlə bağlı polemika yaşadınız. O, sizin bu seçkilərdə uğur qazanmadığınızı və heç ilk üçlüyə düşmədiyiniz dedi. Siz ona cavab verdiniz və cavabınızdan narazı şəxslər oldu. Onlarda açıqlama verdilər. O şəxslərə nə demək istəyirsiniz?

- Mən bəlkə də Razi Nurullayevin açıqlamasına münasibət verməzdim. Amma o faktı təhrif etmişdi, iddia etmişdi ki, mən ilk üçlüyə daxil olmamışam və dediklərini də bunula əsalandırıb ki, mənim Azərbaycanda yeni texnologiyaları tətbiq etməyə çalışdım və bu nəticəsini vermədi. Mən açıqlamamda bunu qeyd etdim ki, biz cəmi 23 gün ərzində qeydiyyatdan keçdik, təbliğat işlərini qurduq, hüquqi və texniki məsələləri həll etməli olduq. Əvvəllər heç bir maliyyə, insan resurs olmayan bir şəxsi, Yasamal rayonu ərazisində tanınmayan gənc namizədi ilk üçlüyə çıxardıq. Baxmayaraq ki, birinci və ikinci şəxslər “karusel əməliyyatı”ndan istifadə etmişdi və bununla bağlı şikayətimiz artıq Avropa Məhkəmsindədir. Yəni mən Razi Nurullayevə faktı təhrif etməməsini xatırlatmaq üçün o açıqlamanı verdim. Bizim uğurumuz könüllülərimizin ağır işi nəticəsində və tətbiq etdiyimiz yeni texnologiyaların nəticəsidir. Biz ilk dəfə olaraq onlayn ianələr qəbul etdik, yəni bizim kampaniyanın bütün xərcləri ayrı-ayrı gənclərin könüllü ianələri hesabına maliyyələşmişdi. Bizim bütün təbliğat işi sosial şəbəkələrdən tapdığımız könüllülər vasitəsi ilə qurulmuşdu. Bunu da qeyd edim ki, seçkilərdən sonra həmin gənclər yeni bir gənclər təşkilatı formalaşdırdılar. Müsbət Dəyişiklik gənclər hərəkatı bu gün də fəaliyyətini davam etdirir. Bu gün də Yasamal rayonu ərazisində fəaliyyətimizi davam etdiririk, seçicilərin problemlərini həll etməklə bağlı layihələr həyata keçiririk. Yəni bizim üçün mandat önəmli deyil, önəmli olan insanlar xidmətdir.

- Bəs Elşən Musayevin açıqlaması ilə bağlı nə deyə bilərsiniz?

- Elşən bəyin açıqlaması həddindən artıq emosional açıqlama idi. Çünki mən Elşən bəylə bağlı şəxsi münasibət bildirməmişdim. Mən sadəcə MSK-nın seçki nəticələrinə istinad etmişdim. Elşən bəylə seçki müddətində və seçkidən sonra da münasibətlərimizi normal olub. Hətta həbsxanada olduğum müddətdə iqtidar qəzetlərində yazdığı köşə yazılarını da oxumuşam və dəfələrlə mənimlə bağlı qıcıqlandırıcı, xoşa gəlməz ifadələr işlətsə də mən reaksiya verməmişəm, soyuqqanlılığımı qorumuşam. Amma təəssüf ki, Elşən bəy onunla bağlı heç bir şəxsi və xoşa gəlməz ifadə olmamasına baxmayaraq açıqlamama dərhal reaksiya verdi və Razi Nurullayevlə bizim müzakirəmizə qoşulmağa cəhd göstərdi. Elşən Musayev qeyd etmişdi ki, seçkilərdə təbliğat aparsaydı daha uğurlu nəticə göstərərdi. Mən də buna münasibətimi bildirdim ki, namizəd seçkidə ona görə iştirak edir ki, uğur qazansın. Əgər bir partiya rəhbəri namizədliyini irəli sürüb cəmi 50-60 səs toplayırsa, bu artıq tarixdə qalır. Mən onun potensialına inanıram, o istəsə uğur əldə edə bilər. Sadəcə təəssüflənirəm ki, o iqtidar qəzetlərinə yazdığı köşə yazılarında müxtəlif insanlara atmacalar atmaqda davam edir. Ona uğurlar arzularyıram və növbəti seçkilərdə daha güclü namizədlərlə rəqabət aparsın və qələbə qazansın.

-Bəs siz növbəti seçkilərdə namizədliyinizi irəli sürəcəksiniz?

- Bu haqda danışmaq hələ tezdir. Ehtiyac olarsa, dəyərləndiriləcək. Mənim parlament seçkilərində iştirak etməyim ehtiyacdan yarandı. Mən görürdüm ki, Amerikada rahat bir həyat yaşaya bilərəm, amma mənəvi məsuliyyət də hiss edirdim ki, Azərbaycana müəyyən yenilikləri, siyasi texnologiyaları göstərmək lazımdır. Mən Amerikada olanda müəyyən partiyalara bu barədə yazırdım, Amerikada gördüyüm yenilikləri Azərbaycanda tətbiq etməyi xahiş edirdim. Onlar isə məni inandırmağa çalışırdılar ki, Azərbaycan reallıqları başqadır, bu işlər alınmayacaq. Və mən seçkidə iştirakımla göstərdim ki, istədiyimiz hər şeyi əldə edə bilməsək də, qarşımıza qoyduğumuz hədəfin böyük bir hissəsini əldə etmək mümkündür.

Bu fəaliyyət uğurlu olmasaydı, mən bu gün həbsdə olmuş bir insan olmazdım. Mənim həbsə göndərilməyimin səbəbi seçki müddətində qazandığımız uğur idi, digər insanlara göstərdiyimiz müsbət nümunə idi. Görünür, bu kimlərisə narahat etdi.

- Ciddi şəkildə onları narahat etdiyinizi düşünürsünüz?

- Mən düşünürəm ki, kimsə hakimiyyəti ciddi şəkildə narahat etmirsə, həbsxanaya getmir. Çünki kiminsə həbsdə olması hakimiyyət üçün də xoş deyil, beynəlxalq aləmdə, vətəndaşlar tərəfindən qınaqlarla qarşılaşır. Yəni kiminsə həbsə göndərilməsi hakimiyyət üçün də ucuz başa gəlmir.

-Fəliyyətiniz bütövlükdə hakimiyyəti narahat edirdi?

- Hakimiyyətdə bəzi insanları narahat edirdi. Hakimiyyətdə bəzi insanlar var idi ki, mənim fəaliyyətimdən 2007-ci ildən narahat idi və hətta mənim Amerikada təhsilimin maliyyələşməsinin qarşısı alnmışdılar, müxtəlif yollarla mənim ölkəyə qayıtmağıma problemlər yaratmağa çalışırdılar. Onlar fikrləşirdilər ki, mən Azərbaycana qayıdıb hansısa proseslərə qoşulub onların maraqlarına zərbə vuracam.

- Həbslərlə bağlı beynəlxalq aləmdə hakimiyyət qınaqlarla qarşılanır dediniz, sizin həbsdə olmağınız da çox narazılıq yaradırdı və deyilir ki, elə həbsdən çıxmağınızda bu qınaqlarla böyük rolu olub. Yəni sizin Hillari Klintonun səfərindən öncə azad olunmanız təsadüf deyil.

- O mənim azad olunmağımı dəfələrlə istəyib. Hətta xarici işlər naziri Elmar Məmmədyarovla Vaşinqtonda görüşündə bir neçə dəfə bu məsələni qaldırıb. Mənə tələbə yoldaşlarım məlumat vermişdilər ki, xanım Klinton Azərbaycana səfəri zamanı prezidentlə bu barədə danışacaq. Düşünürəm ki, mənim azadlığa çıxmağımın səbəbi prezident İlham Əliyevə müraciətim olubsa, azadlığa çıxmağımın vaxtı birbaşa Hillari Klintonun səfəri ilə bağlı olub. Hesab edirəm ki, mən onun səfərinə qədər azadlıqda olmalıydım.

-Sizi ən çox nə narahat edirdi və onunla nələri müzakirə etdiniz? Bu haqda çox danışmısınız, görüşünüzdən bizə məlum olmayan məsələlərdən danışın.

- Dəfələrlə demişəm ki, mən düşünmürəm ki, xanım Klinton Amerikadan buraya gəlib 5 saatlıq səfərində mənimlə qlobal məsələləri müzakirə etmək istəsin. Onu narahat edən məsələ o idi ki, Azərbaycanda düşünürlər ki, Amerika enerji və təhlükəsizlik məsələsində hakimiyyətlə çox ciddi əməkdaşlıq edir və demokratiya, insan hüquqları məsələləri qalır ikinci planda, belə deyək enerjiyə qurban verilir. Amma onu qısa müddətli səfəri zamanı mənimlə görüşməsi tək mənə yox, Azərbaycanda demokratik dəyişikliklər istəyən, bu sahədə çalışan insanlara mənəvi bir dəstək jesti idi.

- Görüş zamanı sizin azadlığda olmağınıza münasibətini, sevincini necə ifadə etdi?

- Çox sevindiyini dedi. Məlumat verdi ki, mən və Vaşinqtonda bir çox adamlar sənin azadlığa çıxmağın üçün işlər görürdü. Mən də dedim ki, bilirəm, ictimai olmasada böyük işlər görülürdü. Və bundan sonra müzakirə başladı ki, bu görülən işləri ictimailəşdirmək lazımdırmı, yoxsa yox?! Əgər ictimailəşəndə, səs-küy çıxaranda nəticə vermirsə, bunu ictimailəşdirmək lazmdır, yoxsa sakit, amma nəticə verən bir yanaşma seçmək lazımdır? Müzakirələr nəticəsində ortaq məxrəcə gəldik ki, yaxşı olar ki, nəticə olsun. Nəinki, səs-küylü, sərt bəyanatlar verilsin, hansıların ki, nəticəsi yoxdur. Bir də dedi ki, bundan sonra digər vicdan məhbusaların da azadlığa çıxması ilə bağlı işlər davam etdiriləcək.

-Siz də düşünürsünüz ki, bu yol daha düzgündür?

- Nəticə ona gedən yoldan daha önəmlidir. Əgər iki yoldan birində nəticə varsa, digərində yoxdursa, aydın məsələdir ki, nəticəsi olan və sakit yol daha əhəmiyyətlidir, boş səs küydən daha önəmlidir. Amma görünür kimlərəsə səs-küy lazımdır.

- Kimlərə?

- Bəzilərinə.

- “Eurovision” ərəfəsində baş verən aksiyalar sizcə boş səs-küy idi, yoxsa bir nəticəsi oldu?

- Bunu müxalifət partiyalarının rəhbərlərindən soruşsanız daha yaxşı olar.

- Düşünürəm ki, siz də çox fəal, siyasətdən başı çıxan bir insan kimi kiçik bir şərh verə bilərsiniz.

- Mən özüm öz addımlarımı müəyyənləşdirirəm, müstəqil insanam, heç bir partiyaya siyasi bağlılığım yoxdur. Ona görə də başqalarının addımları haqda şərh vermək istəmirəm.

- Siz Azərbaycan müxalifəti haqqında bir vətəndaş olaraq belə şərh verməkdən çəkinirsiz?

- Azərbaycan müxalifətinin addımları və nəticələrini zaman özü göstərəcək. Mən bu barədə danışmaq istəmirəm, onlara sadəcə uğurlar arzulayıram.

- Aydındı. Həbsdə olduğunuz müddətdə sizin üçün orada problemlər yaradılıbmı? Digər məhkumlarla münasibətiniz necə olub?

- Münasibətlər ilk gündən həddindən artıq yaxşı olub, istər təcridxanada saxlanılan, istərsə cəzaçəkmə müəssəsində qaldığım müddətdə həm məhkumlar, həm də rəhbərlik tərəfindən münasibətlər yaxşı olub. Ancaq bir insident olub cəzaçəkmə rəhbəri ilə və həmin şəxs cəzalandırılıb, ümumiyyətlə penitensiar xidmətdən xaric edilib.

- İnsident nə ilə bağlı olub?

- O şəxs cəzaçəkmə müəssəsində bir neçə qanunsuz qadağalar qoymuşdu. Mən 14 saylı cəzaçəkmə müəssəsinə köçürüləndən sonra bu qadağaların bir çoxunun qanunsuz olduğunu məhkumlara izah edirdim.

- Yəni fəaliyyətinizi orada da davam etdirirdiniz?

- Bəli. Məndən əvvəl məhkumlara fiziki təzyiqlər olurdu, onlar döyülürdülər, işgəncələr verilirdi, qruplaşma söhbəti vardı. Yəni bir çox qadağalar qoyulmuşdu ki, onlar Cəzalarının İcrası Məcəlləsi ilə nəzərdə tutulmamışdı. Mən bunların bir neçəsinə əməl etmədim və digər məhkumlara da izah etdim ki, bunlar qanunsuzdur. Həbsxananın sabiq rəisi düşünürdü ki, mən artıq müəyyən avtoritet qazanıram və vəziyyətə nəzarət etmək üçün məni qorxutmaq istədi, məni karserə göndərməklə hədələdi. Aramızda insident yaşandı. Sonra Penitensiar Xidmət rəhbərliyi tərəfindən tədbir görüldü. O başqa cəzaçəkmə müəssəsinə köçürüldü və daha sonra işindən azad edildi.

- Belə fikirlər var ki, Bəxtiyar Hacıyev hüquq müdafiəçisi olacaq. Bu artıq təcrübədə sıx görülən bir halıdr və yeri gəlmişkən bu məsələyə ironiya ilə yanaşılır. Bu fikrlərə münasibətinizi bilmək istərdim.

- Hüquq müdafəçisi peşəsinə hörmətim var. Amma mən hüquq müdafiəçisi olmayacam, insanların hüquqlarını müdafiə etməkdə isə davam edəcəm.

- Sizin ölkədən getmək şərti ilə həbsdən çıxarlıdığınız da deyilir. Bu nə qədər doğrudur?

- Ölkədən bir müddətlik istirahət etmək üçün getmək istəyirdim. Amma şərti azadlıqda olduğum üçün ölkəni tərk etməyimə hüquqi icazə verilmir.

- Yəni ölkədən getmək fikriniz yoxdur?

- Birdəfəlik getmək fikrim yoxdur.

- Bəxtiyar, sizi müxalifətin cəhbəsində duran insan adlandırmaq olar?

- Mən ənənəvi müxalifət partiyalarının üzvü deyiləm. Amma ölkədə müsbət dəyişikliklərin olmasını istəyirəm.

- Hazırdakı vəziyyətdən narazısınızsa, deməli, müxalifsiniz.

- Bir çox şeydən narazıyam, amma hər şeydən deməzdim. Mən bir qədər ədalətli olmağın tərəfdarıyam.

- Yəni klassik müxalifətin ədalətsiz olduğunu düşünürsünüz?

- Xeyr, mən belə demədim.

- Müxalifətdən sizə qarşı kəskin fikirləri olan insanlar varmı?

- Hələ ki, yoxdur. Müəyyən fikirlər var və mən bütün fərqli fikrlərə dözümlü, təmkinli yanaşıram. Azərbaycan kimi bir ölkədə siyasətdə vəya ictimai fəaliyyətdə olmaq kifayət qədər səbr, təmkin tələb edir. Əks halda insan çox qısa müddətdə bu proseslərdən uzaqlaşa bilər.

- Müxalifət liderləri ilə münasibətiniz varmı?

- Münasibətlər normaldır. Mən onlara da fəliyyətlərində uğurlar arzulayıram.

- Siz hamıya fəliyyətində uğurlar arzulayırsınız.

- Mən sizə də uğurlar arzulayıram.

- Çox sağ olun. Bəs Hafiz Haciyevlə münasibətinizi necədir? Bir qohum və siyasətçi olaraq onu dəyərləndirə bilərsinizmi?

- Mən bu barədə danışmaq istəmirəm.

- O sizin haqqınızda hər zaman müsbət danışır.

- Bəzi insanlar danışa bilər. Amma bu o demək deyil ki, mən də onlar haqqında danışmalıyam.

- Neçə yaşınız var?

- 30.

- Üfüqdə evlilik varmı? Həbsdən çıxan vicdan məhbusları evlənirlər, bu səbəbdən soruşdum.

- Hüquq müdafiəçisi ənənəsindən sonra başqa bir ənənə də varmış. Mən bundan xəbərsiz idim. Müsahibələrin birində demişdim ki, hüquq müdafiəçisi olmayacam, sonra başqa bir jurnalist mənə zəng edib soruşdu ki, planda evlənmək varmı, mən də demim ki, gündəlikdə olan məsələlərdən biri budur, dəqiq deyil. Amma xəbər saytlarında bir başlıq çıxarıldı ki, gündəlikdəki əsas məsələ evlənməkdir. Bundan sonra belə bir əlaqə quruldu ki, həbsdən çıxan vicdan məhbusları hüquq müdafiəçisi olur və dərhal evlənirlər. Hələ ki, gündəlikdə belə bir şey yoxdur, namizəd də yoxdur. Amma ümid edirəm ki, olacaq. Çünki həyatımda o boşluq hiss olunur.

- O boşluğu doldura biləcək insan necə olmalıdır?

- Harvardda təhsil aldığım müddətdə, elə universitetin öz qəzetində belə bir başlıq altında yazı çıxmışdı ki, “Tələbə yoldaşınıza göz vurun, tanış olun və ailə qurun”. Yazı bunu belə əsaslandırırdı ki, həyat yoldaşınız sizi nə dərəcə anlayarsa, eyni düşüncələrə, dəyərlərə sahib olarsa, sizin uğur qazanmağınız da o qədər real olar. Misal üçün kimsə demokratik dəyişikliklər istəyir, amma həyat yoldaşı tamam başqa maraqlara xidmət edirsə, o zaman ailədə müəyyən problemlər yaşana bilər. Həddən artıq anlayışlı biri olmalıdır.

- Yəni seçəcəksiniz?

-Ağılla, məntiqlə seçmək istəməzdim. Çünki bu halda çətin olacaq. İstərdim ki, təbii hisslərlə olsun.

- Sevgi ilə olmalıdır?

-Bəli, sevgi ilə ailə qurmaq istəyirəm və eyni zamanda müəyyən uyğunluqlar da olmalıdır. Çətin suallar verirsiniz (gülür).

- Hətta tərlədiniz.

- Bəli.

- Siz həbsdə olanda Səbinə Babayevaya bir məktub yazmışdınız, bir cavab, reaksiya gəldimi?

- O cavab üçün yazılmamışdı. Mən “Eurovision”a münasibətimi bildirmək üçün yazmışdım.

- Bu, bir jest idi?

- Bəli, jest idi. Çünki əksəriyyət düşünürdü ki, kimsə həbsdədisə, Azərbaycan hakimiyyətindən narazıdırsa, deməli “Eurovision”dan da, “Eurovision”da iştirak edən gənclərdən də narazıdır, onların uğurunu istəmir və s. Mən onu yazmaqla göstərmək istədim ki, “Eurovision” tamama başqa tədbirdir, bizim istədiyimiz demokratik dəyişikliklər tamam başqa istiqamətdir. İnsan eyni zamanda “Eurovision”dan zövq ala bilər, həm də insan hüquqları ilə bağlı öz mövqeyni səsləndirə, demokratik dəyişikliktər tələb edə bilər. Yəni bunlar ikisi bir-birinə mane olmur. Dostarımız mən həbsdə olanda artıq “Eurovision” üçün biletlər əldə etmişlər. Mən ümid edirdim ki, mayın 21-də məhkəmədə azad olunacam və yarışmanı izləyəcəm. Həbs müddətində məni təəssüfləndirən bir məsələ 30 illik yubileyim həbsdə keçməsi, ailəmin yanında ola bilməməyim olubsa, ikincisi də bu yarışma müddətində dostlarımla, gənclərlə bir yerdə musiqidən zövq ala bilməyimdir.

- Sonda sizin yolunuzdan döndüyünüzü deyən insanlara sözünüz nədir?

-Mən öz olumdayam və bu yolda davam edirəm. Baxın, siyasi iradə oldu həbs olundum, siyasi iradə oldu azad oldum. Ali Məhkəmə bir neçə gün ərzidə işimi icraata götürdü və dərhal icra etdi. Bu məni bir tərəfdən sevindirir ki, mən artıq azadlıqdayam. Amma digər tərəfdən çox böyük təəssüf hissi keçirirəm ki, məhkəmə hakimiyyəti bir neçə şəxsin əlindədir. Azərbaycana müstəqil, rüşvətsiz məhkəmlər arzulayıram. Qanunun aliliyinə hörmət olmayan ölkələr azad dünyada özünə yer tapa bilməyəcək. Azərbaycan dünyanın bir parçası olmaq istəyirsə, bu dəyişikliklər baş verəcək. Həbsdə olduğum müddətdə sizin saytınızı da izləyirdim və verdiyiniz dəstəyə görə təşəkkür edirəm.

Sədan Bünyadova