Təbii qaz, su və elektrik şəbəkələrinə qanunsuz qoşulma, sayğac göstəricilərinin təhrif edilməsi hallarına qarşı mübarizə son illərdə gücləndirilsə də, belə əməllərin törədilməsi həmişə aktualdır. Ancaq resursların talanması ilə müşayiət olunan bu hallarla mübarizə təkcə monitorinqlərlə yekunlaşmır.
“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, belə əməllərin törədilməsi cinayət və inzibati məsuliyyət yaradır.
Bəs, sözügedən məsuliyyət tədbirləri nələrdən ibarətdir?
Qanunvericiliyə əsasən, qaz, su və elektrik enerjisinin talanmasına görə məsuliyyət vurulan ziyanın miqdarına görə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə yanaşı, onların talanmasına qarşı tədbirləri nəzərdə tutur.
Bu maddəyə görə, qazın, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
.jpg)
Həmçinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə isə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
Burada “az miqdarda” dedikdə 5 000 manatdan yuxarı olmayan məbləğdə vurulan ziyan nəzərdə tutulur. Bu məbləğdən yuxarı miqdarda talama isə cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsinə görə, təbii qaz, su təchizatı, elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda - 5 000 manatdan yuxarı, lakin 50 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda - 50 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Talama xüsusilə külli miqdarda - 500 000 manatdan yuxarı olan mәblәğdə ziyan vurmaqla törədildikdə isə şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bununla belə, qanunvericilikdə sözügedən əməlləri törədənlərin cinayət məsuliyyətindən azad edildiyi hallar da mövcüddur. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə, əməli xeyli miqdarda və külli miqdarda törətmiş şəxs dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Talama əməlini xüsusilə külli miqdarda törədən isə dəymiş ziyanı tamamilə ödəməklə yanaşı, ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad olunur.
Ceyhun Həmid
Son xəbərlər
Son Xəbərlər