Leyla Əliyeva Masallıda Cümə məscidində - Video - Fotolar - Yenilənib

leyla-eliyeva-masallida-cume-mescidinde
Oxunma sayı: 678

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.

Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub.

Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Sonda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.

Görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan “Rooted Hands” layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Masallı rayonunun Musaküçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar. Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və “Rooted Hands” layihəsinə həsr olunmuş qısa film nümayiş olunub.

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.

“Rooted Hands” layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanılıb. Layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib. 

Layihə haqqında ətraflı məlumat veb-səhifəsində və sosial media hesabında təqdim olunur:

- Veb-səhifə
- “Instagram