Masallıda şagirdlər arasında insident yaşanıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.
Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
***
Lənkəran-Astara Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Qeyd olunub ki, Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb.
“Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib. Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.
Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda bildirilib.
Son xəbərlər
Son Xəbərlər