“Mediadan bu qədər qaçan, gizlənən ikinci bir nazir yoxdur”

mediadan-bu-qeder-qacan-gizlenen-ikinci-bir-nazir-yoxdur
Oxunma sayı: 674

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri, iqtisadçı ekspert, Mədən Sənayesi üzrə Şəffaflıq Koalisiyasının QHT-nın koordinatoru Zöhrab İsmayılın “Qafqazinfo”ya müsahibəsi:


- Prezidentin fərmanına əsasən güzəştli ipoteka kreditinin həcmi artırılaraq 50000 manat oldu. Bu addımdan sonra ipoteka sahəsində hansı dəyişiklikləri gözləyirsiniz?
- İpoteka kreditinin həcminin 30 mindən 50 minə artırılması prinsipcə onun əlçatanlığı üçün xüsusi bir yenilik yaratmır. Sosial ipotekalar gənclər üçün əvvəllər də əlçatmaz idi, indi də əlçatmaz olaraq qalır. Hərdən prosedur zamanı ayrı-seçkiliyə də yol verirlər. Məsələn, hansısa şirkətdə işləyənə verirlər, digər şirkətdə işləyənə isə vermirlər. Bu prosesdə çox böyük süründürməçilik də var. Hazırlanan sənədlər, onların sayı və.s. Bu məsələ Azərbaycanda işləmədi. O adamlar bundan faydalandı ki, onların əlaqələri var. Evləri olanlar bu məsələdən daha çox faydalandılar. Rəsmiləşdirərək öz evlərini özləri aldılar. Və arada o ipotekada nəzərdə tutulan pulu götürdülər. Burada “şapka” məsələsi də öz rolunu oynayır. 15 faiz məsələsi. Bu da biabırçılıqdır. Guya ki, sosial ipotekalardır. Ona görə mən hansısa dəyişiklik gözləmirəm.

- Qeyd etdiyiniz “şapka” məsələsi rüşvət verərək siyahının əvvəlinə keçməkdirmi?
- Bu metod geniş yayılıb. Təxminən 15 faizini həmin ipoteka kreditini alanlardan götürürlər. Bununla bağlı çoxlu faktlar var.

- Açıqlaya bilərsinizmi?
- Həmin rüşvəti verənlər öz vəziyyətlərini yüngülləşdirmək üçün bunu edirlər, həm də çarəsizlikdən. Onların da adını açıqlamaq düzgün olmazdı. Hamı bilir ki, belə faktlar həddindən artıq çoxdur. Və faktiki olaraq ipotekaların böyük bir hissəsi belə başa gəlir.

- Rəsmi qurumlar ötən il inflyasiyanın il ərzində 1 faiz olduğunu açıqlayıblar. Nə dərəcədə doğrudur?
- Onlar rəqəmlərlə monipulyasiya edirlər. Yaxşı olar ki, hökumət ümumi istehsalat qiymətlərinin indeksindən danışmasın. Açıqlayırlar lap yaxşı. Daha çox vətəndaşların gündəlik rastlaşdığı ərzaq inflayasiyasından danışsınlar. Ərzaq məhsulları nə qədər bahalaşıb. İnflyasiya hesablanarkən geniş indikator bazasından istifadə olunur. Məsələn, elektirk enerjisi, su , qaz. Əgər bunların qiyməti qalxmırsa, bu həmin o inflasiya faizini ümumi götürəndə aşağı çəkir. Bu sənaye və qeyri-sənaye məhsuludur. Onların qiymətinin dəyişməsinə baxmaq lazımdır. Bunlar da hardasa, 10 faiz ətrafındadır.

- Qiymət artmasından söz düşmüşkən, ölkədə bəzi ərzaq məhsullarının qiyməti qalxıb.
- Bunlar iqtisadi proseslərin nəticəsidir. Hökumət neft pullarını ölkəyə cəlb edir. Və onu ağına bozuna baxmadan sağa-sola xərcləyir. Xüsusilə bu tikinti prosesinə xərclənir. Bu pulların da korrupsiya yükü var. O da əlavə təlabat yaradır və qiymətlər artır. Digər bir səbəbi isə həmin gömrük prosesində qeyri-qanunsuzluqlar, korrupsiyadır. Bunlar ikisi bir yerdə qiymət artımını yaradırlar. Hökumət deyir ki, bu qədər dövlət büdcəmiz var. İldən-ilə də artır. Yəni bunlar əslində həmin inflaysiyanı yaradan amillərdəndir. Təxminən 4-5 il bundan qabaq həmin hökumətin rəsmiləri qeyd edirdilər ki, biz pensiyaları qaldıra bilmərik, bu 100 milyon inflasiya təzyiqi yaradar. Amma indi o 100 milyon əvəzinə milyardlar qədər artım gedir. Ölkədə tikinti xərcləri 7 milyarda çatıbdır. Bu da həmin qiymət artımını əsas stimullaşdıran amillərdəndir.

- Ola bilərmi ki, qiymət artımı daha da çoxalsın?
- Əlbəttə. Bu il yenə dövlət büdcəsinin, tikintinin xərcləri artırılıb. Monopoliya da öz yerində. Ona görə də qiymət artımı davam edəcək. Özü də yüksək templə baş tutacaq. Ölkədə seçki ili olması buna mənfi müsbət təsir edə bilməz. Bu hökumətin indiki büdcə və iqtisadi siyasətinin nəticəsidir.

- Ölkədə pensiya artımı da gözlənilir. Sizcə, minumum pensiyanın məbləği nə qədər ola bilər?
- Çox böyük dəyişiklik olacağını gözləmirəm. Minimum əməkhaqqı 93 manat 50 qəpikdir. Uzaqbaşı bu 100 manat ola bilər. Bu məsələyə çox böyük xəsisliklə yanaşırlar. Həmişə də 10 manat civarında artırırlar. Ümumiyyətlə götürdükdə isə mən 116 manatdan çox olacağını düşünmürəm. Bilirsiniz, vergi qanunvericiliyində də dəyişiklik olunub. Əməkhaqqlarında vergi tutumu 116 man olub. Ona görə də hardasa bu rəqəmdən çıxış edərək demək olar ki, maksimum bu qədər ola bilər. Bu da olsa, böyük şeydir. Çünki hökumət insanlara çatan məbləğin qiymətini artırmağa o qədər konservativ yanaşır ki. Ona görə 20 manata yaxın artımı mən heç ağlıma da gətirmirəm.

- SOCAR bildirir ki, ölkədə neftin hasilatının azalması prosesi dayanıb. Necə qiymətləndirirsiniz bunu?
- Hələ ki, fevral ayıdır. Bir ay keçib. Keçən illə müqayisə edirlər. Kifayət qədər də azalmışdı. Və “bp” də elan etmişdi ki, hasilat azalmayacaq. Eyni zamanda hasilat artmır da. Bu 1, 2 il ola bilər. Ümumiyyətlə götürəndə isə Azərbaycanın neft ehtiyatları bəllidir. Neft ömrü boyu çıxa bilməz ki. Yaxın illərdə neft çox sürətlə azalacaq. Burada xüsusi fövqəladə bir şey yoxdur. Bu il azalmasın. Seçki ili olduğuna görə, hökumətə bu il böyük pullar lazımdır. Amma maksimum səylərini davam etdirirlər ki, hasilat azalmasın. Amma gələn il azalmanı saxlaya bilməyəcəklər.

- Ümumiyyətlə proqnoz versək, Azərbaycan nefti nə vaxt tükənəcək?
- Bununla bağlı hökumətin, Neft Fondunun, beynəlxalq qurumların proqnozları var. İndiki templə hasil olunarsa, Azərbaycanın indiki neft ehtiyatları 30 il üçün nəzərdə tutulub. Məsələn, Qazaxıstanda bu 52 ildir. Amma ümumiyyətlə götürdükdə isə Azərbaycanın neft hasilatı 2015-ci ildən sonra sürətlə azalmağa başlayacaq. 2024-cü ildə isə ən minimal səviyyəyə çatacaq.

- İsveçrədə Beynəlxalq Haqq və Ədalət Assosiasiyası SOCAR-ı məhkəməyə verəcəyi ilə bağlı xəbər yayıb. Sizcə, səbəb nə ola bilər?
- Mən dəqiq bir şey deyə bilmərəm. Ancaq SOCAR İsveçrədə yanacaqdoldurma məntəqələri alıb, həmçinin də özünün satış şirkətini təsis edibdir. Bunlarla bağlı ola bilər. Ola bilsin ki, satışla yox, daha çox yanacaqdoldurma məsələsi ilə bağlı olsun. Ola bilsin ki, hansısa haqsız rəqabətə və.s. yol verilib.

- Mədən Sənayesi üzrə Şəffaflıq Koalisiyasının QHT-nın koordinatoru seçilmisiniz. Vəziyyət nə yerdədir və yeni standartların tətbiqinə başlamısınızmı?
- Koalisiya Azərbyacanın ən böyük QHT koalisiyasıdır. Hazırda özünün strategiyasını hazırlayır. Bir neçə gündən sonra bunu təsdiqləyəcək. Daha çox diqqəti bir neçə məsələyə yönəldəcək. Bunlardan biri şirkətlərin fərdi hesabatlılığıdır. Yəni Azərbaycanda mədən sənayəsində şəffaflıq təşəbbüsünə 10 ilə yaxındır ki, qoşulub. Çox ölkələr var ki, bizdən sonra qoşulublar və fərdi hesabatlılığa keçiblər. Azərbaycan az ölkələrdən biridir ki, buna keçməyib. Bu nədir? Hökumət ümumi hesabat verir. Şirkətlər də auditor şirkətlərinə hesabat təqdim edir. Və auditor şirkəti də bunu ümumiləşdirib yoxlayır. Amma bizə lazımdır ki, hər şirkət nə qədər ödəyir, hökumət də hər şirkətdən nə qədər alır. Əslində bu koalisiyanın fəlsəfəsi də bundan ibarətdir. İkincisi, hesabatların özünün anlaşılanlan olmasıdır. Hökumət iki səhifəlik hesabat açıqlayır. Ora 50 dənə müxtəlif rəqəmlər yazır. Bunu mütəxəssislər başa düşür, amma hansısa bir jurnalist, siravi vətəndaş başa düşmür. Ona görə də hesabatlar anlaşılan şəkildə hazırlanmalıdır. Üçüncü hədəf isə bu il koalisiya qiymətləndirmə keçirəcək. Yəni koalisiyanın tələblərinə necə əməl olunur? İlin sonunda proses başlayacaq. Koalisya iştirakçıları dəyərləndirmə prosesində iştirak edəcək. Prezident seçkiləri ili olduğuna görə prezidentliyə namizədlərlə də işləməyi düşünürük. Onlar şəffaflıqla bağlı məsələləri seçkiqabağı təbliğat prosesində tətbiq etsinlər. Koalisiyanın bir vətəndaş cəmiyyəti qurumu kimi daha da güclü olması üzərində çalışırıq. Azərbaycanda şəffaflıq və demokratiya dəyərləri də diqqətdə olacaq.

- Şəffaflıqdan söz düşmüşkən, SOCAR-ın fəaliyyəti nə qədər şəffafdır?
- ARDNŞ maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun olaraq verir. Beynəlxalq audit şirkəti onu yoxlayır, həmçinin qeydləri də öz saytlarında yerləşdirirlər. Prinsipcə, bu şəffaflıq üçün qənaətbəxş hesaba oluna bilər. Ancaq problem ondan ibarətdir ki, SOCAR xaricdə qoyduğu investisiyalarla bağlı bir geniş açıqlama vermir. O hesablarda bunlar görünmür. Özünün illik hesabatını da açıqlayır. Hansı ki, dünyanın çox şirkətləri belə hesabatlar açıqlayırlar. Bayaq dediyim hesabat onun qanuni öhdəliyidir. Bu hesabat da tanınmış şirkətlər üçün yazılmamış bir öhdəlikdir ki, hansı ki bunu edirlər. Həmin illik hesabatda mənasız informasiyalar olur. Şəkillərin ARDNŞ elə bir aidiyyatı yoxdur. Xaricdəki investisiyalardan və ölkədaxili şirkətlərindən nə qədər gəlir əldə etməsi barədə məlumatları açıqlamır. Digər tərəfdən isə ARDNŞ-nin ayrıca qurumları var. Bunlar Azəriqaz, Azneft İstehsalat Birliyi, Neftayırma zavodları, marketinq satış əməliyyatları idarəsi. Bunlar da Azərbaycan qanunvericiliyinə görə ayrıca olaraq maliyyə hesabatları açıqlamalıdırlar. Bu qurumlar da ayrıca olaraq bu prosesə keçməli idi. Çox təəssüf ki, bu təxirə salınıb. ARDNŞ ümumi konsolidasiya olunmuş bir hesabat açıqlayır. Ancaq qurumlarında nə baş verdiyini hələ də anlaya bilmirik. Socarın şəffalığını yaxşıdan aşağı səviyyədə qiymətləndirmək olar.

- İqtisadi İnkişaf Nazirliyinin necə bəs?
- Bu nazirlik işləmir. Yalnız iki işlə məşğuldur. İstehlak bazarını yoxlayır, bir də guya antinhisar siyasətini həyata keçirir. Bu sahədə xəbərlərini eşidirik ki, hansısa dükanı yoxlayırlar. Hansı ki, bunların onlara heç bir aidiyyatı olmamalıdır. Nazirlik ölkənin iqtisadi siyasətini həyata keçirməlidir. Mənə elə gəlir ki, nazirin sifəti jurnalistlərin də yadından çıxıb. Mediadan bu qədər qaçan, gizlənən ikinci bir nazir məncə, yoxdur. Görünür ki, danışmağa deməyə sözü də yoxdur.

Günel Türksoy