“Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı tədbir keçirildi - Fotolar

mekteblinin-dostu-layihesinin-fealiyyeti-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1431

Aprelin 18-də Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin media qurumlarının rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

 Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihə barədə məlumat verib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyət göstərir və əhatə dairəsi genişləndirilərək bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə tətbiq olunur. Beləliklə də, layihə Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla hazırda ölkə üzrə 238 məktəbi əhatə edir. 

Rüstəm Ağayev həmçinin qeyd edib ki, məktəblinin dostlarının əsas vəzifələri müəllimlər, şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdır.

Elm və təhsil nazirinin müşaviri Azər Abizadə çıxışında “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı aparılmış elmi araşdırmanın nəticələrini təqdim edib. Nazir müşaviri diqqətə çatdırıb ki, araşdırma çərçivəsində layihənin tətbiq olunduğu məktəblərdə şagird və valideynlər arasında sorğu aparılıb.

Sorğular məktəblinin dostları tərəfindən şagirdlərə tibbi, psixoloji yardımın göstərilməsi, onlarda zərərli vərdişlərin aradan qaldırılması və digər istiqamətləri əhatə edib. 

Sonra sözügedən layihənin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin uğurlu təşəbbüslərdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, təhsil müəssisələrində təhlükəsiz mühitin daha da təkmilləşdirilməsində məktəblinin dostlarının dəstəkləyici rolu təqdirəlayiqdir. 

Ölkənin bütün ümumi təhsil müəssisələrində bu layihənin tətbiqinin arzuedilən  olduğunu deyən Emin Əmrullayev diqqətə çatdırıb ki, layihə gənclərin məşğulluğuna da müsbət təsir göstərir.

Emin Əmrullayev həmçinin vurğulayıb ki, xüsusilə pedaqoji ixtisasları bitirən məzunlar üçün bu layihədə işləmək onların məktəb mühitində yaxşı təcrübə toplamaları və təhsil sahəsində karyeralarını qurmalarına şərait yaradır.

Sonda tədbir iştirakçılarının layihə ilə bağlı rəyləri dinlənilib və müzakirələr aparılıb.