“Mən onu heç nəyə dəyişmərəm” – AST Telman

men-onu-hec-neye-deyismerem-ast-telman
Oxunma sayı: 2927

Şair-publisist Süleyman Əlisanın “Moskvada Azərbaycan dünyası” kitabı 2008-ci ildə Rusiyada Azərbaycan və rus dillərində nəşr olunub. “Qafqazinfo” həmin kitabdan “Telman İsmayılovla könül söhbətləri” yazısını ixtisarla təqdim edir:

Telman İsmayılovla könül söhbətləri


Yuxuların ərşə çəkildiyi, insanların neçə-neçə imtahanla üzləşdiyi bir vaxtda zamanın fövqündə duran insanlar var ki, onlarla həmsöhbət olmaq, beş-üç kəlmə kəsmək özü xoşbəxtlkdir. Belə görüşlər zamanı adamın könlü açılır, sabaha inamı artır, gücü çoxalır. Düşünürsən ki, hardandır bu adamlarda doğulduğu torpağa bu qədər sevgi, bu qədər bağlılıq? Düşünürsən ki, bu adamlar özləri bir möcüzədir. Görüşünə gəldiyim Telman İsmayılov sadə olduğu qədər də, qeyri-adi hərəkətləri ilə - qonaq qarşılmağı, nəvazişi, səmimiliyi, bir sözlə insani münasibətləri ilə hamını ovsunlayır. Bu adamın qəlbinin dərinliyini, ürəyinin böyüklüyünü sözlə ifadə etmək doğrudan da çətindir.

Telman İsmayılovla həmsöhbət olan kəs baş vurmaq istəyir onun qəlbinin dərinliklərinə. Amma bu, o qədər də asan deyil. Telman İsmayılov dünyasının nə gecəsi var, nə gündüzü. Zaman, məkan, sürət məfhumu burda tez-tez dəyişəndir. Dəyişməyən təkcə insanın özüdür. Bəzən adam özündən asılı olmayaraq Telman İsmayılov şəxsiyyətinə heyran qalır. Onun həyat yolu hər şeydən əvvəl insanlıq məktəbidir.

Görüşümüzün əvvəlində Telman müəllim söhbətimizin lentə yazılmasını istəmədiyini mənə elə başa saldı ki, deməyə sözüm qalmadı: "Diktafon mənim səhvimi tutar, mən azərbaycanca yaxşı danışa bilmirəm. Bir də diktafonu görəndə, daş qəlbli insanlar düşür yadıma. Belə insanlar isə nə məni duya bilərlər, nə mənim onlara deyiləsi sözüm var" - yarızarafat, yarıciddi söylədi Telman İsmayılov bunları. Təvazökarlıq etsə də, Telman müəllim azərbaycanca çox gözəl danışırdı. Hardasa sinəsinə döyüb özlərini azərbaycanlı sayan, amma ana dilində 3-4 kəlmə kəsə bilməyən soydaşlarımız qoy ondan nümunə götürsünlər. Digər tərəfdən, bəlkə də onun kimi insanların sözü daş qəlbli adamlara təsir edər, onları yola, imana, dinə gətirər...

- Bir dəfə hörmətli yazıçılarımızdan biri televizorda Azərbaycan dilinin təmizliyi, gözəlliyi haqqında danışırdı. - Telman müəllim sözünə azacıq fasilə verdi. - Siz də o adamı tanıyırsınız. Çıxışı zamanı o qədər əcnəbi sözlər işlətdi ki, məəttəl qaldım. Bir də, Süleyman, indən belə məni sadəcə Telman deyə çağır. Bilmək istəyirəm, bəs sən Azərbaycanın harasındansan?

- Masallıdan.

- Bilirsən niyə soruşdum? Mən Azərbaycanın hər yerini gəzmişəm, - deyə söhbətini davam etdirdi. Hər tərəfdə dostum, tanışlarım var. Birinci dəfə Masallıya rəhmətə getmiş əsgər dostumun tabutunu gətirmişdim. Ondan sonra da dəfələrlə yolum düşüb. İstisuda, Səmidxanda, Xırmandalıda və başqa kəndlərdə çox olmuşam. Bilirəm ki, Masallının Ərkivan kəndi respublikanın ən böyük kəndlərindəndir. Oradan çoxlu alimlər çıxıb. Masallı camaatı Allaha yaxın adamlardır. Çox qonaqpərvər, istiqanlı, mehriban insanlardır. Masallının İstisuyu qədər gözəl yer bəlkə də dünyanın heç harasında yoxdur. Mən bunu sənin Masallıdan olduğuna görə demirəm. Xankəndində də, İsa bulağında da o qədər olmuşam ki… Heyf, indi o yerlərə əlimiz çatmır (Telman müəllim bu sözləri deyəndə dərindən ah çəkdi…)

Söhbətimizin şirinliyi məni elə ovsunlamışdı ki, vaxtın nə zaman ötüb keçdiyini hiss etmirdim. Bir daha anladım ki, belə söhbətlər diktafonsuz daha maraqlı alınır. Bir də ki, Telman İsmayılov özü demiş, könül söhbətləri hara, diktafon hara? Bir-iki saatın içində o qədər isnişdik ki, söhbətimizə uzun illərin dostu, tanışı kimi davam etməyə başladıq.

- Telman müəllim, Sizi bir xeyriyyəçi kimi, gözəl insan kimi Azərbaycanda yaxşı tanıyırlar. Ancaq şəxsi həyatınız barədə məlumatımız azdır…

- Biz əslən İsmayıllı rayonunun Mücihəftaran kəndindənik. İkinci Dünya müharibəsindən sonra valideyenlərim Göyçaya köçüb. Atam orada ticarətlə məşğul olub. 1956-cı ildə valideynlərim Bakıda yaşamağı qərara alıb və gedib şəhərdə mənzil tutublar. Sonra rayondakı evlərini satmaqdan ötrü yenidən Göyçaya dönüblər və mən də orda anadan olmuşam. Həmin vaxt Göyçayda cəmi 3 ay yaşamışıq. Mənim səkkiz qardaşım, dörd bacım olub. Ailədə onuncu övlad olduğumdan dünyaya göz açdığım zaman anama "Qəhrəman ana" adı verilib. Bakıda əvvəllər 189 saylı, sonra isə 23 salyı orta məktəblərdə təhsil almışam. 1973-cü ildə orta məktəbi bitirib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşam. İnstitutda axşam şöbəsində təhsil aldığımdan gündüzlər atama kömək göstərərdim.

1976-1978-ci illərdə Uraldakı hərbi hissələrdən birində qulluq etmişəm. Əsgəri xidmətdən qayıtdıqdan sonra ticarətlə məşğul olmaqla yanaşı, təhsilimi də unutmamışam. Elə o zaman atamdan çox şey görüb götürmüşəm. Bizim ailəmizdə Allaha böyük inam olub. Atam parça dükanında işlədiyindən ağ bezi məscidlərə pulsuz paylayırdı. Evimizdə kabab bişirilən zaman iy qonşu evlərə getdiyindən, qonşu uşaqların sayı da nəzərə alınardı. Evimiz Göy məsciddən və Sinaqoqdan bir qədər aralıda yerləşirdi. Kilsə daha yaxınlıqda olduğundan anam "Allahın evi"dir - deyib ora nəzir qoyardı ki, imtahanlardan yaxşı qiymət alım. Atam hər səhər işə gedəndə, "bacarırsınız yaxşılıq edin, pislik insana yaraşmaz" - deyərdi. Mənim ən çox diqqətimi çəkən məsələlərdən biri də valideynlərimin danışıq zamanı Azərbaycan atalar sözlərindən tez-tez istifadə etmələri idi.

Ailəmizdə həmişə söhbət düşərdi ki, bu sözlərdəki, məsəllərdəki dərin hikmət insana yol göstərir, həyatda öz mövqeyini tutmağa kömək edir. Biz Novruz bayramını da özünəməxsus tərzdə qarşılayırdıq. Bayramdan 10-15 gün qabaq səməni yetişdirərdik. Kimin səmənisi tez cücərib boy atardısa, atam onu daha çox "mükafatlandırardı". Bayram günləri evimizi şəkərbura, paxlava ətri bürüyərdi. Azərbaycanlılara o qədər qaynayıb qarışmışdıq ki, 1974-cü ildə qardaşım rəhmətə gedəndə çox çətin imtahan qarşısında qaldıq. (Atam həmin qardaşımı daha çox istəyirdi). Azərbaycanlıların və yəhudilərin qəbiristanlığı bir-birinə çox yaxın idi. Bilmirdik qardaşımı hansı qəbiristanlıqda dəfn edək? Çox fikirləşdikdən sonra iki qəbiristanlığın arasında yer götürüb qardaşımı orada dəfn etdik. Sonralar başqaları da öz ölülərini həmin yerdə dəfn etməyə başladılar. Hüzr günləri həyətimizdə ayrı-ayrı millətlərin nümayəndələri bir-birinə qarışmışdı. Yas mərasimi müsəlman və yəhudi adət-ənənələri ilə keçirilirdi. Məclisdə həm molla, həm də ravin oturmuşdu. Heç kim heç nəyin fərqinə varmazdı. Eyni qayda ilə cümə axşamlarını və şabatları da yola verirdik. Bir sözlə, xoş günlərdə də, çətin anlarda da Bakı camaatının bizim ailəyə olan sevgi-məhəbbəti məni gələcəyə daha da ruhlandırıb və həyatım boyu qazandığım uğurlarda əsas amil olub.

- Azərbaycana bu qədər sevginiz ola-ola Sizi nə çəkib gətirdi Moskvaya?

- 1981-ci ildə kiçik qardaşım Vaqif burada milis məktəbinə qəbul olundu. Ona görə Moskvaya tez-tez gedib gələrdim. Novruz bayramı qabağı onun üçün Moskvaya Novruz nübarı gətirərdim. Yataqxanada tələbə yoldaşları ilə birlikdə səməni ətrafında yığışıb şamlar yandırar və beləcə Moskvaya baharı çox erkən "gətirərdilər". Beləliklə, bu şəhər məni özünə cəlb etdi. Mən 1982-ci ildə gəlib bir müddət burada yaşadım. Sonra gedib Azərbaycanda evləndim. 1985-ci ildən isə Moskvada daimi yaşayıram.

- AST-nin tarixçəsi barədə danışmağınızı xahiş edərdim. Şirkətlər qrupu necə yarandı?

- Qeyd etdiyim kimi, atam ticarətdə çalışdığından mən hələ uşaqlıqdan ondan çox şey görüb-götürmüşəm. Artıq 18 yaşımda o vaxt Bakıda yeganə olan kommersiya mağazasının direktoru idim. Sonralar Ticarət Nazirliyində çalışmağımın da mənə çox xeyri olub. Daha sonra "Vostokintorq"a keçdim. Bu təşkilat ixrac-idxal əməliyyatları ilə məşğul idi. 1988-ci ildə mən "Kommersiya Xeyriyyə Firması" adlanan ticarət kooperativi yaratdım. 1989-cu il iyulun 13-də isə "AST" Şirkətlər Qrupunu qeydiyyatdan keçirtdim. "AST" sözü Ələkbər, Sərxan (oğlanları-red.) və öz adımın baş hərflərindən yaranıb. Bir il üç ayın içində Moskvada 52 kommersiya mağazası açdım. Mənə qədər Moskvada bu işlə heç kim məşğul olmamışdı. Sonra "Lucniki" və Çərkəz bazarlarını və s. açdım… Ancaq mənim bütün gəncliyim məhşur “Praqa” restoranı ilə bağlıdır. 20 yaşımı, diplom almağımı burada qeyd etmişəm. Mənim həyatımın bir parçası burada keçib. O, heç də sadəcə restoran deyil, həm də şəhərin nadir tikililərindəndir. Mən onu heç nəyə dəyişmərəm.

- Həmişə deyirlər ki, Telman müəllimin adı, şərəfi ona var-dövlətindən, biznesindən irəlidir. İndiki zamanda belə əqidə sahibi olmaq bir qədər çətin məsələdir. Buna necə nail olubsunuz?

- Bu sual "Dədə Qorqud" dastanındakı incə bir məqamı yadıma saldı. Dünyaya gələn körpə ərsəyə çatdıqda, fərasətinə, göstərdiyi qoçaqlığına, cəsurluğuna görə ona ad verilirdi. Yağı-düşmən qaytaran, şər qüvvələrə qarşı duran, elin bəyənib qəbul etdiyi səviyyədə igidlik göstərən hər bir kəs üçün keçirilən advermə mərasimi insanlara həm də mənəvi əxlaqi keyfiyyətlər aşılayardı. Məsələn, Dirsə xanın oğlu igidlik göstərir, buğanın boynunu qatlayıb, başını kəsdiyinə görə ona "Buğac" adı verilir. Beləliklə, Buğac oğuzun kamil vətəndaşı olduğunu təsdiq etdiyinə görə ona ad, at, mal-dövlət, taxt, ayrıca ev-eşik və sair vermək qərara alınırdı. Yalnız bundan sonra eldən-obadan qız seçib evlənmək, ailə qurmaq, ailə sahibi olmaq mümkün idi. Hər bir igid adı ilə nəslə, əsl-nəcabətə, soy-kökə bağlı olardı. Bu çox gözəl adət-ənənə idi. İndi də insanların adı, şərəfi dərin məna kəsb edir. Azərbaycanda təzə doğulan uşağa ad qoyanda "adı ilə böyüsün" - deyərlər. Kənd yerlərində "adına qurban olum, bala" sözlərini də çox eşitmişəm. Yenə o hikmətli "atalar sözü"nə müraciət etmək istəyirəm: - "İgid ölər, adı qalar", yaxud bayatıda deyildiyi kimi, "tikmədim özüm qalam, tikdim ki, izim qala". Bax buna görə də ad və papaq məsələsi həmişə mənim üçün müqəddəs olub. Çox maraqlıdır ki, qədim kişiləri papaqları ilə səciyyələndirərdilər. Birinə buxara papaq, birinə çalpapaq, birinə də pələməpapaq deyərdilər.

- Əvvəllər Moskvada yəqin ki, çox çətinliklərlə qarşılaşıbsınız. Bəs çətin vəziyyətlərdən necə çıxa bilmisiniz?

- Yəqin ki, papağımızı qoyub qabağımıza yaxşı-yaxşı fikirləşmişik, düzgün qərar çıxarmışıq. Yüz ölçüb, bir biçmişik. İmkansız alilələrə etdiyimiz yaxşılıqlar, neçə-neçə süfrə başında əllər Allahın dərgahına uzanarkən söylənilən dualar köməyimiz olub. Axı, Allah görəndi, biləndi, eşidəndi…

- Azərbaycana tez-tez gedib gəlirsiniz?

- Azərbaycan bizim canımızda, ürəyimizdədir. Biz onsuz yaşaya bilmərik. Mən və oğlanlarım darıxanda Azərbaycan muğamları ilə təsəlli tapırıq. Muğama qulaq asa-asa ötən günlərimizi yada salır və gələcək günlərin sevdasıyla yaşayırıq. Müvəqqəti çətinliklər də ötüb keçəcək, hər şey yaxşı olacaq. Məndən hamıya salam söylə, qoy hamı bilsin ki, qəlbim sizinlə birgə vurur. Mənim hər bir addımım, hər bir işim sənin adınla bağlıdır, doğma Azərbaycan. Mənim üçün ən böyük şərəf Vətənimə layiq oğul olmaqdır.

P.S. Birinci olmaq istəyi güclü, iradəli və bacarıqlı adamlara məxsusdur. Karyera və milyardlar asanlıqla qazanılmır. Telman müəllim bu yolda ağlasığmaz maneələri dəf etməyi bacarıb. Təhlükələrlə üzləşib, banditlərlə toqquşub. Avtomobilini partlatmaq istəyiblər. Amma onu dayandırmaq mümkün olmayıb. O inadla öz məqsədinə doğru gedib.