“Mənim həyatımda böyük sevgi var” – Xoşqədəm Hidayətqızı

menim-heyatimda-boyuk-sevgi-var-xosqedem-hidayetqizi-
Oxunma sayı: 4234

“Üç nöqtə qəzetinin Baş redaktoru, “Səni axtarıram” telelayihəsinin rəhbəri Xoşqədəm Hidayətqızının “Qafqazinfo”ya müsahibəsi:

- Niyə oturan kimi iPad-u açdınız?
- İngiltərədən müəllimim Elektron adresimə müsahibə göndərəcək. O, İngiltərənin ilk özəl universitetində dərs deyir və istəyir ki, Azərbaycanla əməkdaşlıq etsin, buradan orda oxumaq üçün tələbələr aparsın. İndi gözləyirəm ki, göndərsin. Deyib ki, göndərən kimi “Skype”da məlumat verəcək.

- Siz də getmək istərdinizmi oxumağa?
- Mənim tələbə olmaq vaxtım keçib...

- Son dövrlər bu dəb halını alıb, ona görə soruşdum. Yəqin iPad vasitəsi ilə həm də informasiya alırsız?
- Əlbəttə ki, baxın hazırda oxuduğum saytlar açıqdı, “Qafqazinfo”, Milli.Az, Day.Az və s. Yəni demək olar ki, bu saytların hamısını oxuyuram, izləyirəm.

- Daim on-layın olaraq izləyirsiniz?
- Bəli, izləməyə məcburam. Mən jurnalistəm, hər gün xəbər alıram.

- Siz həm də xəbərləri izlətməlisiz axı. Ama siz izləməklə məşğulsunuz.
- Mən sizə bir sual verə bilərəm?

- Bəli.
- Siz məgər heç bir qəzeti, saytı izləmirsiniz?

- Mənim əsas işim xəbər tapmaq, yazmaqdır, oxumaq deyil.
- Xeyr, siz düzgün fikirləşmirsiniz. Məncə xəbər tapmaq, yazmaq istəyən hər bir jurnalist və ya baş redaktor bütün istər yazılı mətbuatı, istərsə də elektron KİV-ləri, internet saytlarını və s izləməlidir. Bu başqa bir şeydir ki, sizin haradasa başqa mənbələriniz var və siz onlardan xəbər gözləyirsiniz.

- Xoşqədəm xanım, biz bu gün “Səni axtarıram”dan yoxsa, “Üç nöqtə”dən danışacağıq? Siz nəyə hazırsınız?
- Siz mənimlə Xoşqədəm Hidayətqızı kimi görüşmüsünüzsə suallarınızı verə bilərsiniz.

-“Səni axtarıram” nə yerdədir?
- İzləmirsiniz?

- Xeyr. Mən Azərbaycan televiziyalarına baxmıram. İnformasiya yükü qane etmədiyi, qayəsinə uyğun xidmət etmədiyi üçün izləmirəm. Amma bilirəm ki, sizin belə populyar verilişiniz var. Xəbər saytları ilə məşğul olduğum üçün nadir hallarda televiziya izləyirəm. Televiziya adlı sistemdə istədiyimi tapa bilmirəm.
- Mənə maraqlıdır ki, siz xəbəri necə yaradırsınız? Yəqin ki, xəbəri kollektiviniz yaradır.

- Deyirsiniz ki, saytımdan xəbərim yoxdur?! Mənim “Səni axtarıram”a baxıb-baxmamağımın bir önəmi yoxdur axı.
- Xeyr, söhbət “Səni axtarıram”dan getmir, söhbət Azərbaycan televiziyalarından gedir.

- Bu gün təsadüfən eşitdim ki, sizin verilişiniz reytinq cədvəlində birinci yerdədir. Bu sizə görədir, ya verilişə görə?
- Mən deyə bilmərəm, bunu tamaşaçım deyə bilər. Elbrus, siz məni az-çox tanıyırsınız, mən “Üç nöqtə”ni yaradanda, “Səni axtarıram”dan öncə “Sən tək deyilsən” layihəsini yaradanda da qarşıma bir məqsəd qoymuşdum ya bu işə başlayırsan uğur qazanırsan, ya da bu işə heç başlama. Mənim həyat prinsipim budur. Ümumiyyətlə, uğur qazana bilməyəcəyim heç bir işə qol qoymuram. Televiziyaya yeni gələndə mənim gözəl bir layihəm var idi. Məzmunun nədən ibarət olduğunu deməyəcəyəm. Mən bu layihəni üç televiziyaya təklif etdim və təəssüf ki, heç bir televiziya sponsorsuz bu layihəni qəbul etmədi. Mən onları qınamıram. Özəl televiziyalar reklamın, sponsorların hesabına yaşayır, işçilərinin maaşını verir. Dövlət tərəfindən pul ayrılmır ki, onlar hər hansı bir layihə etsinlər. Mən imzam mətbuatda tanınsa da televiziyada tanınan sima deyildim. Yəqin ki, mən də televiziya rəhbəri olsaydım, inanmazdım.
Sonra ATV-dən məni dəvət etdilər, “Sən tək deyilsən” yarandı. Adını özüm seçdim və bu layihəni qəbul etdikdən sonra dəyişikliklər etdim, sosial mövzuların yükünü artırdım. Verilişin ilk buraxılışı reytinqdə beşlikdə idi. Deməli tanınan sima olmaq önəmli deyil. Əsas tamaşaçıya istədiyini verməkdir.

- Siz deyirsiniz ki, mən bacardım və bu verilişi reytinqdə birinci etdim. Bu gün Azərbaycanda “Səni axtarıram” verilişi birincidir?
- Siz mənim sözümü kəsdiniz, fikrimi tamamlamağa imkan vermirsiniz...

- Buyurun.
- “Səni axtarıram” “Sən tək deyilsən”dən sonra yaranan layihədir. Əgər xatırlayırsınızsa, “Səni axtarıram”ı “Sən tək deyilsən” verilişinin içərisində rubrika kimi yaratmışdıq. Hətta “Sən tək deyilsən” bağlandıqdan sonra “Səni axtarıram”ı bir veriliş kimi yaratmaq mənim üçün bir qədər çətin oldu. Kimsə bu layihənin uzun müddətli olmasına o qədərdə inanmırdı. Mən onları inandırdım və bu gün dediyiniz kimi “Səni axtarıram” ölkədə ən çox izlənilən verilişdir.

- Davam edir...
- Nə vaxta qədər gedəcəksə, davam edəcək.

- Başqa layihələriniz varmı?
- İki gözəl layihəm var, artıq hazırdır. Əslində, istəyirəm ki, onları “prodaction”lara təklif edim.

- Nə qazanırsınız?
- Mən nə “Səni axtarıram”dan, nə də “Sən tək deyilsən”dən maddi baxımdan heç nə qazanmamışam. Bunu mənim komandam da bilir və bəzən komandamın üzvləri mənə etiraz edirlər. Məsələn, hansısa qəhrəmanı hansısa ölkədən bilet alıb gətirib otelə yerləşdirəndə və ya onun hər hansı problemini həll edəndə mənim əməkdaşlarım buna etiraz edirlər ki, Xoşqədəm xanım, biz tapmışıq, bu qədər əziyyət çəkmişik, niyə onlar özləri gəlmirlər?! Bilirsiniz, televiziyada olmaq mənim uşaqlıq arzum idi. Bəlkə mən bu arzuma çatdığım üçün bütün çətinliklərə dözürəm. Amma tam əmin olun ki, mən qəzetdən qazanmışam, televiziyadan heç nə qazanmamışam. Bunu oxuyan bəlkə də buna inanmayacaq. Çünki ölkənin ən populyar, ən reytinqli verilişidir… Mən işimi sevirəm. Bəli, mən oradan böyük pullar qazanmaya bilərəm, amma tamaşaçı rəğbəti qazanmışam. Onlarla, yüzlərlə insanı bir araya gətirib 20-30 ilin həsrətinə son qoymuşamsa, deməli məndən zəngin insan yoxdur. Mən Allaha hədsiz dərəcədə çox inanan insanam. Çox insan çalışıb ki, mənə mane olsun. Bunu siz də bilirsiniz, çünki biz eyni mətbəxdəyik. Qarşıma daş itələyənlər olub. Amma Allah həmişə məni qoruyub və sonunda o daş onların qarşısına düşüb. Niyə? Çünki mən paxıl deyiləm, sözü üzə deyirəm, kimdənsə xoşum gəlməyəndə deyirəm ki, xoşum gəlmir.

- Siz yazılı mətbuatdan getmişdiniz televiziyaya, bəs televiziyadan nələr öyrəndiniz?
- Çox şey… Birinci televiziya çox çətindir. Kameraların qarşısında olmaq, az müddətdə deyəcəyim fikri tamaşaçıya çatdırmaq və s. çox çətindir. Ən çətini isə odur ki, sən gördüyün işi qəbul etdirə biləsən, tamaşaçı sənə baxsın, verilişin baxımlı olsun. Bütün bunları etmək heç də kənardan göründüyü kimi san deyil. Nə yaxşı ki, mən televiziyaya getdim, öyrəndim və öyrənməkdə davam edirəm. Bu birinci tərəf, digər tərəfdən mən televiziyada həyat dərsi keçdim. Müxtəlif xarakterli, bir neçə sifətli insanlarla qarşılaşdım, mənim üçün çox çətin oldu. Mən heç vaxt nəyə görəsə kiminsə üzünə yalandan gülə bilmirəm və ya kimisə üzünə gülüb arxada ona badalaq gəlməyi bacarmıram. Çətin idi. Bir sözlə “Səni axtarıram” mənə həyat dərsi keçdi. Yüzlərlə insanla görüşdüm. Dediyim kimi müxtəlif talelər, həyat hekayələri, xarakterlər gördüm və nə yaxşı ki, gördüm (gülür).

- Yaxşı, Allah Sizi niyə bu qədər çox istəyir?
- Çünki mən heç kimə pislik etmirəm. Pislik edəni belə nə qədər çətin olsa da bağışlayıram. Yeganə bağışlamadığım şey, istər dostluqda, istərsə də ailə həyatında xəyanətdir.

- Gündə neçə saat “Üç nöqtə”də olursunuz?
- Bir neçə saat. Sentyabrdan qəzetlə bağlı müəyyən planlarımız var. Bu müddətdə mən “Səni axtarıram”ı bu yerə gətirmək istəyirdim və məncə kifayyətdir. Mən göstərdim ki, qəzetdən də gəlib televiziyada ən uğurlu layihələri yaratmaq olar.

- Televiziya jurnalistlərinə bunu göstərdiniz?
- Mən o mənada demədim. Hər halda nəyisə əldə etdim.

- Nə vaxtsa qəzetdən imtina edib televiziyada çalışa bilərsiniz?
- Xeyr, o mənim övladımdır.

- İnsan övladından da ayrılır amma…
- Təbii, amma neçə ki, mən həyatdayam və imkanım var qəzetimdə olacam. Siz də bilirsiniz ki, “Üç nöqtə”ni oğlum Zaurla birlikdə böyütmüşəm. Siz öz övladınızdan imtina edərsiniz?! Hər zaman deyirəm ki, mənim iki övladım var.

- Üçüncüsü nəzərdə tutulur?
- Bu suala dəqiq cavab verə bilmərəm. Amma mənim üçüncü övladım da var (gülür). “Səni axtarıram”.

- Oğlunuz nə ilə məşğuldur?
- Hazırda məktəbdə oxuyur və inşallah, növbəti ilə universitetə hazırlaşır.

- Ondan nə gözləyirsiniz?
- Birinci növbədə ondan insan olmağı gözləyirəm.

- 17 yaşlı oğlu olan qadına bənzəmirsiniz…
- Birincisi, mən tez ailə qurmuşam, ikincisi, mənə elə gəlir ki, bir insanın içində kin-küdurət, paxıllıq yoxdursa o həmişə gənc və gözəl görünəcək.

- Sizin kimi gözəl, problemlərini də həll etmiş qadın ailə qurmaq istəmir?
- Mən bu haqda düşünmürəm. Bu gün mənim düşündüyüm bir şey var, övladım orta məktəbi bitirsin, ali məktəbə daxil olsun.

- Yəni şəxsi həyatınızda “Səni axtarıram” yoxdur?
- Yoxdur.

- Siz “Səni axtarıram”a çox bağlanmısınız.
- Axı insanlar sevinir… Təsəvvür edin illərlə atandan, anandan, qardaşından xəbər gözləyəsən, amma ala bilməyəsən. Və o şad xəbəri biz o ailələrə veririk. Bundan böyük xoşbəxtlik ola bilər?! Mən onlarla birlikdə o taleləri yaşayıram. Açığı çox ağırdır. Amma savab iş görürük. Mən hər çəkilişdən sonra bir həftə özümə gələ bilmirəm.

- Niyə?
- Çünki həyəcanlanırsan, onlarla birlikdə ağlayırsan. Bir anlıq onların yerində olduğunu zənn edirsən.

- Bəzən sizi ağlayan da görürük…
- İlk dəfədir bunu sizdən eşitdim. Bəzən olur, amma mən bunu hiss etdirməməyə çalışıram.

- Azərbaycan televiziyasında hansı aparıcıları izləyirsiniz və bəyənirsiniz?
- Onların arasında yaxın münasibətdə olduğum insanlar var, birinin adını çəkib digərini çəkməmək düzgün olmaz. Amma bir nəfərin adını çəkməliyəm, Mir Şahini bəyənirəm.

- Səmimisiniz?
- Səmimiyəm. Bəlkə mənimlə razı deyilsiniz?

- Razıyam. Mənə görə Azərbaycan televiziyasında Mir Şahindən üstün imza yoxdur. Bəlkə elə uğurlarınızın səbəbi sizin səmimiyyətinizdədir. Uğur qazanmaq üçün səmimi olmaq, etiraf etməyi bacarmaq lazımdır.
- Bəli, etiraf etmək lazımdır. Ola bilər ki, kimsə onu bəyənməsin, bəyənməyə bilərsən, mən həmişə deyirəm işgüzar münasibətlə, şəxsi münasibəti qarışdırmayın. Amma o durduğu yeri haqq edirsə, etiraf etmək lazımdır.

- Sizin verilişiniz haqqında həmkarlarınız deyir ki, belə ciddi siyasətlə məşğul olan jurnalist gedib şou veriliş aparır. Aşağı-yuxarı belə fikir səsləndirirlər, özünüz də bunu bilirsiniz.
- Əgər onlar tele-məkanın ən böyük sosial layihəsini belə adlandırırlarsa, siz artıq onların səviyyəsini görün də... Bu, şou, əyləncə proqramı deyil.

- Bəzən düşünmürsünüz ki, bu insanları niyə qovuşdururam? Bəlkə bu adamlar bir-birini heç tapmaq istəmir.
- Biz o insanların axtarışı ilə məşğul oluruq ki, onlar şəxsən bizə məktubla, elektron adresimizə yazaraq müraciət ediblər. Biz öz başımıza heç kimin qapısını döyüb demirik ki, gəl qardaşını axtar.

- Müraciətlər çoxdur?
- Elə də çox deyil, amma var.

- Daha çox kim kimi axtarır?
- Daha çox övladlar öz ataların axtarırlar. İkinci yerdə övladlarını axtaran analardır.

- Siz bu prosesləri izləyirsiniz, axtarırsınız, tapırsınız. Analiz etmisinizmi bu insanlar bir-birilərini qoyub niyə gedirlər?
- Bu iki illik təcrübəmdə gördüm ki, bizim ailələrdə sevgi çatmır. Əgər siz “Qafqazinfo”nu yaradarkən sevgi ilə işinizə yanaşmasaydınız, uğur qazanardınız?

- Qəti şəkildə yox.
- İnsan ailəsinə, evinə, uşağına, bişirdiyi yeməyə də sevgi verməlidir, ürək qoymalıdır. O bizdə yoxdur. Bizdə bir şey var mən nə edim ki, bu günüm keçsin. Böyük əksəriyyətdə “xaltura” düşüncəsi var, ailəyə də elə yanaşırlar.

- Sevgi ifadələrini çox işlədirsiniz, bəs sizin həyatınızda sevgi var?
- Mənim həyatımda böyük sevgi var. Məgər sevgi bir qadının kişiyə, kişinin qadına olan sevgisindən ibarətdir?

- Söhbət bu sevgidən gedir.
- Xeyr, yoxdur. Mənim oğluma sevgim var. Bu şablon səslənir, amma mən oğlumu sevirəm, işimi sevirəm, tennis oynadığım raketi sevirəm və s.

- Bəzi qadınlar var ki, xarici görünüşləri ilə fəxr edirlər.
- Həqiqətən elə qadınlar var?

- Qadınların 90 faizi elə bununla məşğuldur.
- Gözəllik qalıcı deyil, müvəqqətidir. Bu gün gənc ola bilərsən, amma 20 il sonra nə o üzünün hamarlığı, nə o bədən, qalsa-qalsa kənarları qırışmış gözlər qalacaq, başqa heç nə… Məncə insan müvəqqəti, itirəcəkləri ilə fəxr etməməlidir. Ürəyi, insanlara olan münasibəti, özündən sonra qoyacağı izlərlə qürur duymalıdır.

- Rahatsınız?
- Məgər narahat görünürəm? Əksinə çalışıram ki, siz rahat olasınız.

- Sonuncu dəfə kimdən müsahibə almısınız?
- Qəzet üçün axırıncı müsahibəmi səhv etmirəmsə, 2010-cu ildə Aydın Doğandan almışam.

- Sizdən aqressiv müsahibə almaq istəyirdim, amma ürəyim gəlmir.
- Niyə?

- Son vaxtlar mən də rəhmli olmağa başlamışam.
- Yəqin siz də “Səni axtarıram”a baxıb rəhmli olmusunuz. Yeri gəlmişkən evinizdə kimsə “Səni axtarıram”a baxır?

- Bilmirəm, yəqin ki, xanım baxır.
- Sağ olsun.

- Yeni çəkilən seriallara baxırsınızmı? Mən düşünürəm ki, Azərbaycan kinomatoqrafiyası tam gücü ilə yığışsa belə “Muhteşəm yüz yıl”ın bir bölümünü çəkməyə belə qadir deyil...
- Serilallar hələ yeni çəkilməyə başlayıb, bunlar hələ ilk addımlardır. Bəlkə gələcəkdə yaxşı olacaq. Amma son çəkilən serialları bəyənmirəm.

- Seriala dəvət etsələr, çəkilərsiniz?
- Seriala dəvət etsələr çəkilərəm. Qarabağla bağlı bir serial, film çəkilərsə və orada qəhrəmanlıq obrazı mənə tapşırılarsa, çəkilərəm.


- İnşallah, şablon səslənsə də deyəcəyəm ki, elə çəkilişlər Qarabağda aparılar.

- Elə öz kəndimizdə.


Sədan Bünyadova, Elbrus Ərud