Moskva göz yaşlarına inanacaqmı? - Şərh

moskva-goz-yaslarina-inanacaqmi
Oxunma sayı: 2773

Resurssuz Ermənistanın özünəməxsus Holland sindromu

Hazırda Ermənistan iqtisadiyyatı xroniki olaraq Rusiyaya yenidən ixrac (re-export) və Rusiyadan ölkəyə xarici pul köçürmələrindən asılı vəziyyətə düşmüşdür.
2022-ci ildən başlayaraq Ermənistanda makroiqtisadi göstəricilər iqtisadiyyatda müsbət tendensiyalardan xəbər versə də, bu dəyişikliyin arxasında ÜDM-in əsas komponentləri olan investisiya, dövlət xərcləmələri və istehsalın artmadığı bir şəraitdə nəyin durması maraq doğurur. Bu şübhəli iqtisadi inkişafın daha çox Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, Rusiyanın sanksiyalardan qaçması üçün “xeyirxah xidmət”lər, miqrantların gətirdikləri vəsait və Rusiyadan transfertlər ilə bağlıdır. Bəs onlar olmadan Ermənistan iqtisadiyyatında nə baş verəcək bu sual əsas diqqət mərkəzində olmalıdır. Belə ki, qeydə alınmış iqtisadi artım üçün real əsasın olmaması və onun arxasında xarici amillərin dayanması inkişafın dayanıqlığını şübhə altına alır.

Müasir iqtisad elmində Holland sindromu - iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termindir. Amma son dövrlər Ermənistan iqtisadiyyatında baş verən dəyişikliklər bu “xəstəliyə” düçar olmaqçün bəzən heç də resursa ehtiyac olmadığını da göstərir. Belə ki, xarici ölkə iqtisadiyyatından asılılıq sayəsində şişmiş iqtisadi artım bu xəstəliyinin yeni “ştampı” ola bilər.

Son illərdə Ermənistanda iqtisadiyyatın əsas sektorları sayılan sənaye, kənd təsərrüfatı, maliyyə və sığorta sektorunda tənəzzül meylləri mövcuddur, lakin hələlik digər sektorların şişmiş göstəriciləri boşluğu doldurmaq imkanı verir. Hansı ki, bu gedişat özü elə Holland sindromunun "Resurs cərəyanı effekti"ni göstərir. Yəni resurslar bir neçə sektor etrafında cəmlənir və digər sektorlardan isə uzaqlaşır. Əsas problem isə artan sektorların yaratdığı dəyərin-malların ticarət oluna bilməyən məhsullar olmasıdır. Misal üçün ötən ildə Ermənistanda ən çox tikinti sektoru, istehlak və təkrar ixrac sektorunda artım müşahidə olunub ki, bu sektorların heç biri ticarət oluna bilinən məhsul istehsal etmir.

Ermənistan dövləti rəsmi qaçaqmalçılıqla məşğuldur

2023-cü ildə də Ermənistanda iqtisadi artımın başlıca səbəblərindən biri Rusiya ilə ticarət dövriyyəsinin artmasıdır. Ermənistanın ən iri ticarət partnyoru elə Rusiyadır. Belə ki, ölkə ixracının 40%-i, idxalının 34%-i Rusiyanın payına düşür. İstehlak olunan enerjinin 78%-i Rusiyadan idxal olunur. Ermənistan hökumətinin məlumatlarına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb, ikitərəfli ticarət mübadiləsi 40 faizdən çox artaraq 6,3 milyard dollara çatıb. Belə ki, ölkədə xarici ticarətin diversifikasiyası çox aşağı səviyyədə olmaqla, yalnız bir ölkədən asılı vəziyyətdədir.

Rusiyaya qarşı sanksiyalar qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb. Ermənistan işlənmiş avtomobillərin, məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır. Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi həcmi 2023-cü ildə ötən illə müqayisədə 50 % artımla, təxminən 3,2 milyard dollar təşkil edib.

2022-ci ildən başlayaraq Ermənistanın ixrac strukturunda ciddi dəyişikliklər baş vermişdir. Belə ki, ölkədə istehsalı olmayan və ya ixraca proporsional həcmdə istehsalı olmayan məhsulların (məsələn, zərgərlik və almaz sənayesi malları və s.) ixracında böyük artım qeydə alınır. Ermənistanda ixracın müvafiq həcminə uyğun istehsal və işçi qüvvəsi mövcud olmadığından, burada təkrar ixrac faktorunun önəmini nəzərə almaq lazım gəlir. Ölkənin ümumi statistik göstəricilərində təkrar ixrac sadə ixrac kimi verilir.

2020-ci il ilə müqayisədə 2023-ci ildə Ermənistanla Rusiya arasında ticatərin həcmi 6 dəfə artmışdır. Sanksiya səbəbindən bəzi Avropa ölkələrinin və ABŞ-ın Rusiyaya birbaşa ixracı əhəmiyyətli dərəcədə azalsa da, həmin ölkələrdən Rusiyanın müttəfiqi olan ölkələrə, əsasən Ermənistana olan ixracın həcmi kəskin artmışdır. Məsələn, 2022-ci ildə Almaniyanın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 1.9 dəfə aşağı düşmüş, lakin belə ixrac Ermənistana 2.4 dəfə artmışdır.

Eləcə də 2022-ci ildə Böyük Britaniyanın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 2.7 dəfə (Belarusa isə 11 dəfə) aşağı düşmüş, lakin belə ixrac Ermənistana 2.6 dəfə artmışdır. 2022-ci ildə ABŞ-ın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 3.6 dəfə (Belarusa isə 3.4 dəfə) aşağı düşmüş, lakin belə ixrac Ermənistana 4.3 dəfə artmışdır

Ukrayna müharibəsində tökülən qanların “görünməyən qəhrəmanı” Ermənistan

Bloomberg-in məlumatına əsasən, 2022-ci ildən formalaşmış geosiyasi vəziyyətdə Ermənistan ABŞ və Avropa sanksiyalarından yan keçməklə, yarımkeçiricilərin və digər ikili təyinatlı malların Rusiyaya təkrar ixracı mərkəzlərindən birinə çevrilmişdir. 2023-cü ildə məlum olmuşdur ki, Ermənistan Rusiyanın müdafiə sənayesi üçün yarımkeçirici məhsulların 4-cü ən böyük ixracatçısına çevrilmişdir.

Həmçinin Nyu-York Tayms qəzetində qeyd olunmuş rəsmi məlumata əsasən, 2022-ci ildə Ermənistan çip və prosessorlar idxalını ABŞ-dan 515% və Avropa İttifaqından isə 212% artırmış və daha sonra bu malların 97%-i Rusiyaya ixrac olunmuş və orada hərbi məqsədlər üçün istifadə edilmişdir. Ermənistan həmçinin İranda istehsal olunmuş hərbu sursatların da Rusiyaya keçirilməsində dəhliz rolunu oynayır.

Ermənistanın Rusiya ilə əlaqəsi həm də Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq istəyən Qərb ölkələrinin artan narahatlığına səbəb olur. ABŞ və Avropa rəsmiləri Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalardan yan keçmək üçün Ermənistan kimi keçmiş sovet dövləti tərəfindən Rusiyanın dəstəkləndiyini düşünürlər. “The Telegraph” qəzetinin bu yaxınlarda dərc olunmuş məqaləsində qeyd olunub ki, Avrasiya İqtisadi İttifaqına (EAEU) üzv olan ölkələr xüsusən Ermənistan Rusiyaya silah istehsalı üçün materialların və texnologiyaların keçdiyi tranzit məntəqələri kimi çıxış edirlər.

Quyuya su tökməklə quyu dolmaz

Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir. Ermənistanın Mərkəzi Bankı sədrinin məlumatına əsasən, 2022-ci ildəki 12.6%-lik yüksək artım (əsasən turizm, maliyyə və IT üzrə) Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar rusiyalı miqrantların ölkəyə axını ilə bağlı olmuşdur. Miqrant axını həmçinin 2022-ci ildə Ermənistanda xüsusilə maliyyə, sığorta, nəqliyyat və rabitə sahəsində göstərilən xidmətlərin həcminin əvvəlki il ilə müqayisədə 27.1% artmasına səbəb olmuşdur. Rusiyalı miqrantlar ölkədə mənzil kirayəsi bazarında qiymətlərin 2 dəfədən çox artımına təkan vermişlər.

Ümumilikdə çoxluq etibarilə Rusiyalı miqrantların ölkəyə axını 2022-ci ildən başlayaraq istehlak mallarına, daşınmaz əmlaka və digər əmtəə və xidmətlərə olan daxili tələbin, eləcə də maliyyə kapitalının böyük artımı hesabına inflyasiyanı yüksəltməklə iqtisadi artımı stimullaşdırıb. Bu isə “Holland Sindromunun” iqtisadiyyata dağıdıcı təsiri olan “xərcləmə effekti”nin təzahürüdür. Nəticədə milli valyuta əsassız olaraq dəyər qazanır və idxalı stimullaşdırır və ölkədə inflyasiyanı yüksəldir.

Miqrasiya statistikası Rusiya faktoru ilə əlaqəli artımın sabit artım mənbəyi olmadığını göstərir. 2022-ci ilin 10 ayı ərzində Ermənistana gəlmiş 786 min Rusiyalıdan 2023-cü ilin əvvəlində 110 minə yaxını qalmışdır. Ölkəyə gələn miqrantlar qısa müddətdə orada uzunmüddətli yaşayışın mümkün olmadığını yəqin başa düşmüşlər...

Hazırda xarici ölkələrdən Ermənistana edilən pul köçürmələri (transfertlər) əhalinin əsas maliyyə mənbələrindən birini təşkil etməklə, bu mənbədən asılılıq yaratmışdır. 2019-2023-cü illər üzrə xaricdən Ermənistana olan pul köçürmələrinin ÜDM-də payı 10-12% təşkil edib. Bu istiqamətdə edilən transfertlərdə Rusiyanın payı yüksəkdir. Belə ki, əvvəlki il (0.866 mlrd. USD) ilə müqayisədə 2022-ci ildə Rusiyadan olan pul köçürmələrinin həcmi 4.2 dəfə artaraq 3.6 mlrd. USD təşkil edib. 2022-ci ildə xarici ölkələrdən Ermənistana edilən ümumi transfertlərin təxmini 70 %-i Rusiyanın payına düşüb.

Qonşuya ümid olan şamsız qalar

Ermənistan enerji istehlakı da Rusiyadan asılıdır, belə ki, yerli resurslara malik olmayan Ermənistan enerji ehtiyaclarının böyük hissəsini (2020-ci ildə ümumi enerji təchizatının 78,6%-i) əsasən Rusiyadan təbii qaz və neft olaraq idxal edir.

Ermənistanın əsas qaz tədarükçüsü (2021-ci ildə 87,7%) Rusiyadır. Rusiya şirkəti olan “Qazprom Ermənistan” Ermənistan istehlakçılarına təbii qaz tədarükü edən yeganə şirkətdir. 2019-cu ildən bəri “Qazprom” Ermənistan üçün Rusiya qazının qiymətini 1000 kubmetr üçün 165 ABŞ dolları müəyyənləşdirib. Hansı ki, bu qiymət Rusiyanın Avropa və Türkiyəyə satdığı qiymətdən 3 dəfə, Çinə satdığı qiymətdən isə 2 dəfə aşağıdır. Bəs bu aşağı qiymətin arxasında Ermənistanın Rusiyaya hansı xidmətləri durur, bu əsas suallardan biri olaraq qalır....

Özgə atına minən tez düşər

Sonda qeyd edək ki, “Fitch” reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.

Xarici ticarəti, əsas pul köçürmələri və hətta istehlakı belə Rusiyadan asılı olan Ermənistana Moskva hər hansı bir sanksiya qoysa Ermənistan iqtisadiyyatının sonunun nə olacağı düşünmək belə çətindir. Bugün Ermənistan özünün istehsal etmədiyi və yaxın gələcəkdə istehsal edə bilməyəcəyi ixrac məhsullarını Rusiya bazarından başqa heç bir ölkəyə sata bilməz. Çünki əslində həmin məhsulları istehsal edən ölkələr özləri digər bazarlara Ermənistanın vasitəçiliyi olmadan çox rahat sata bilirlər. Bəs Ermənistan növbəti illərdə öz iqtisadi artımını kimin qanı bahasına təmin edəcək...

Əlişir Məmməd