Müşfiq Atatürkə şeir ithaf edib? - Foto

musfiq-ataturke-seir-ithaf-edib
Oxunma sayı: 600

Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə ithaf edə biləcəyi və indiyədək məlum olmayan şeiri aşkarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə yazıçı Əlabbas Bağırov sosial şəbəkə hesabında paylaşım edib. 

“Bir dostumun Türkiyədən göndərdiyi bu şerin Müşfiqin olduğunu iddia etmirəm. Dəqiqini şairin tədqiqatçıları və özünü o sahəyə bir köynək yaxın hesab edənlər bilərlər. Bu, gerçəkdənmi nakam şairin leksikası, deyimi, nəfəsidirmi? Gözləyək. Daha bir tarixdən silinmiş və qaranlıq səhifəyə işıq salmağın vaxtı çatıb”, - yazıçı bildirib. 

Paylaşım geniş müzakirələrə səbəb olub. Bəzi yazıçı, elmi işçi və Mikayıl Müşfiq yaradıcılığı sevərlər şeirin ona məxsus olduğuna inansalar da, digərləri tarixi faktlara əsaslanaraq bu məsələyə şübhə ilə yanaşırlar.

Bu paylaşıma münasibət bildirənlərdən bəziləri şeirin üslub və dəst-xətt baxımından şairin poetikasına yaxın olduğunu qeyd ediblər. Bəziləri isə məsələyə ehtiyatla yanaşaraq müəyyən tarixi məqamlara diqqət çəkiblər.

Bildirilir ki, Müşfiqin adı 1937-ci il repressiya qurbanları sırasında yer alıb və tarixi mənbələrə görə şair 1938-ci ilin yanvarında güllələnib. Halbuki Mustafa Kamal Atatürkə ithaf olunduğu deyilən şeirin yazılma və ya çap tarixi 1938-ci ilin fevralı göstərilir. Bundan əlavə, indiyədək Müşfiq tədqiqatçılarının heç birinin araşdırmalarında belə bir şeirin mövcudluğu barədə məlumata rast gəlinmədiyi vurğulanır.

Şərh müəllifləri qeyd ediblər ki, sovet dövründə müəyyən faktların gizli saxlanılması anlaşılan olsa da, böyük şairin yaxın dostlarından olan Rəfiq Zəkanın belə bir əsərdən xəbərsiz qalması inandırıcı görünmür. Bununla belə, şeirin üzə çıxmasının özü ədəbi ictimaiyyətdə maraq doğurub.