“Navalnı ilə bağlı bu təklifə razı idim” - Putin

navalni-ile-bagli-bu-teklife-razi-idim
Oxunma sayı: 2771

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dünyasını dəyişməsini “kədərli hadisə” adlandırıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Putin bu barədə ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair mətbuat konfransında amerikalı jurnalistin sualına cavabında danışıb:

“Cənab Navalnıya gəldikdə isə, bəli, o dünyasını dəyişdi. Bu hər zaman kədərli hadisədir. Həyat belədir. Bizdə cəzaçəkmə müəssisələrində insanların vəfat etməsinə dair digər hallar da olub. ABŞ-də bəs belə bir şey olmayıb? Olub və dəfələrlə”.

Rusiya liderinin sözlərinə görə, Navalnının ölümündən bir neçə gün əvvəl Putinə rusiyalı siyasətçinin xarici ölkələrdə həbsxanalarda saxlanılan rusiyalılarla dəyişdirilməsi təklif olunub və o buna razılıq verib: “İstər inanın, istər yox. Mənimlə bu məsələni danışan şəxs cümləsini hələ bitirməmiş  “razıyam” dedim”.

Bununla belə, Putin Navalnının mübadilə edilməsinə bir şərtlə razı olduğunu vurğulayıb. Bu şərt isə Navalnının mübadilədən sonra ölkəyə qayıtmamasından ibarət olub.

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.