Nərimanovdakı yanğın söndürüldü - Fotolar-Video-Yenilənib

nerimanovdaki-yangin-sonduruldu
Oxunma sayı: 6381

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

***

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığındakı obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb. 

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

***

DİN Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları yanğınla bağlı dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

***

FHN-in yaydığı son məlumata görə, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq, daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, bu gün saat 12:30 radələrində Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib”.

***

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

***

FHN-in son məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.