Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı - Yenilənib

nesimi-nebizade-ile-gundeme-gelen-reabilitasiya-merkezine-cinayet-isi-acildi
Oxunma sayı: 4273

Sumqayıt şəhərində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi başlanılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi narkotik asılılığından əziyyət çəkən jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı saytımızda da yazı dərc edilmişdi.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi mərkəzin Sumqayıt filialında saxlanılan narkomaniyadan əziyyət çəkən şəxsin şikayəti əsasında açılıb. Belə ki, məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125 və 145-ci (intihar həddinə çatdırma və qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə cinayət işi başlanıb.