Ötən il toyları gündəm idi, indi qonaqları... - Fotolar

oten-il-toylari-gundem-idi-indi-qonaqlari
Oxunma sayı: 1103

Argentina millisi və ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi Hindistana səfəri çərçivəsində ölkənin ən nüfuzlu ailələrindən biri olan Ambani ailəsinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, milyarder Mukeş Ambaninin oğlu Anant Ambani və xanımı Radhika Merçantın qonağı olan argentinalı ulduz məbəd kompleksində ayaqyalın şəkildə “aarti” ayinini icra edib. Messinin komanda yoldaşları Luis Suarez və Rodriqo De Paul ilə birlikdə məbədi gəzərək müxtəlif rituallarda iştirak etdiyi bildirilir. Futbolçu həmçinin dünyada sülh və birlik üçün duaların edildiyi “Maha Aarti” mərasiminə də qoşulub.

Səfər zamanı futbol ulduzunun biləyindəki lüks saat da medianın diqqətindən yayınmayıb. İddialara görə, Messinin taxdığı və dünyada cəmi 12 ədəd olan “Richard Mille RM 003 GMT Tourbillon Asia Edition” saatı ona Anant Ambani tərəfindən hədiyyə edilib. Sözügedən saatın qiymətinin təxminən 1,4 milyon dollar (2 milyon 380 min AZN) olduğu bildirilir.

Qeyd edək ki, Anant Ambani ötən il 600 milyon dollar dəyərindəki dəbdəbəli toyu ilə dünya mediasının gündəminə gəlmişdi. Onun atası Mukeş Ambani isə 108 milyard ABŞ dolları həcmində sərvəti ilə Asiyanın ən varlı, dünyanın isə 13-cü ən zəngin insanı hesab olunur.

Xatırladaq ki, Messinin qalmaqallı Hindistan turu Kəlkətədə başlayıb, Heydərabad, Mumbay və Dehlidən keçərək Camnaqarda yekunlaşıb.