“Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir”

prezident-olaraq-menim-ucun-bunlar-esas-gostericilerdir
Oxunma sayı: 502

“İnvestisiya və islahatlar siyasətimizə uyğun olaraq, biz işsizlik və yoxsulluq səviyyələrinə aid olan məsələyə ciddi yanaşırdıq və onların hər ikisini beş faiz səviyyəsinə azaltmağa nail olduq. Beləliklə, orta seqment hesab olunanların sayı artır və biz Azərbaycanda artan alıcılıq qabiliyyətini görürük”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə  müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

“Bu gün Bakıda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onlardan biri “Ağ Şəhər”dir. Bu, şəhərin içində olan bir şəhərdir. Gələcək bir neçə ildə burada təxminən 50 min insan məskunlaşacaq. Digəri isə həm də turizm məkanı olan “Sea Breeze” adlanır. Bu layihənin tərkibinə əyləncə xarakterli obyektlər, hotellər və yaşayış binaları daxildir. Layihə hazırda 6 kilometrdən çox sahə boyunca uzanır və hətta daha da böyüyəcək. Digər tikinti layihələrini nəzərə almadan, sadəcə, bu iki layihədə satış göstəriciləri onu nümayiş etdirir ki, böyük tələbat var. Mənzil və evləri alanların 70 faizindən çoxu yerlilərdir. Bu, iqtisadi islahatlara və iqtisadi inkişafa görə insanların alıcılıq qabiliyyətinin artdığını göstərir. Eyni zamanda, bu nisbət onu da göstərir ki, Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar. Bu nöqteyi-nəzərdən, - bunu həm də Pedro qeyd etmişdir, - multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz.

Bu, faktiki olaraq iqtisadi fəaliyyətin ən yaxşı göstəricisidir. Təəssüf ki, Azərbaycanda neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin qeyd etdiyiniz kimi, qeyri-neft sektoru 2 faizdən çox artıb və neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb. Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir”, - dövlət başçısı əlavə edib.