Prezidentin prinsipiallığı...

prezidentin-prinsipialligi
Oxunma sayı: 3559

Artıq 4-cü ilə keçir ki, Azərbaycanın siyasi həyatında çox ciddi tarixi hadisələr yaşanır. Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, Xankəndidə, Xocalıda dövlət bayrağımızın dalğalanması, eləcə də Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl bölgədən çıxarılmasına başlanılması - bütün bunlar əslində bir neçə əsrin işidir.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev isə bütün bu tarixi hadisələri cəmi 3 il 4 aya sığdırmağı bacardı. Tarixçilər də, alimlər də və bu sahəyə yaxşı bələd olan hər kəs də təsdiqləyər ki, nə orta əsrlərdə, nə ondan əvvəl, nə də sonrakı zaman kəsiyində bunu bacaran sərkərdə olmayıb, bəlkə də heç olmayacaq. 

Zarafat deyil, 30 il əvvəl yardıma möhtac olan, bir milyon vətəndaşı çadırlarda, vaqonlarda qalan Azərbaycandan indi Serbiya Prezidenti zəng edib bu ölkənin məruz qaldığı təzyiqlərə görə dəstək istəyir. Hamı İlham Əliyevin telefon nömrəsini axtarır...

Siyasi prosesləri izləyənlər, Azərbaycanın xüsusən də 2020-ci ildən sonra hansı təzyiqlərə məruz qaldığını yaxşı bilir. 5 apreldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü və ya iki gün əvvəl Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması da bu təzyiqlərin davamı idi. Amma ölkənin ali rəhbəri bunların heç birinə aldırmır, öz işini davam etdirir və xalqı naminə prinsipiallığını qoruyur.

Bu prinsipiallığın həddini ABŞ Dövlət katibi Antoni Blinkenin İlham Əliyevə zəng edib “5 aprel görüşü Azərbaycana qarşı deyil” deməsiylə də ölçmək olar.

Bu gün isə Azərbaycanın şanlı tarixində daha bir yeni səhifə açılıb.

Paraqrafın adı belədir: “İlham Əliyev 4 kəndi də qaytardı”

Bu, həm gələcək nəsil üçün dərslik vəsaitidir, həm də siyasi liderlər üçün dərs. 

Təsəvvür etməyə ehtiyac yoxdur, gözümüzün qarşısındadır. Bu qədər təzyiqlərə məruz qaldığımız bir zamanda İlham Əliyev, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasına nail oldu. Və beləliklə Qərbin Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması ilə bağlı iddiası, ittihamı da darmadağın edildi.

Azərbaycan ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Görünən odur ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. 

Onu da nəzərə alaq ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın bu istiqamətdən başlaması da məhz Azərbaycanın təkidi ilə reallaşdı.

İlham Əliyev isə Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplamağa davam edir. 

Ardı var... 

Yazının yox, növbəti siyasi qələbələrin...

Emin Səfərov