“Qarabağ”dan sonra pley-off-da tək onlar oynayıb - “Zirə” niyə qınanılır?

qarabagdan-sonra-pley-off-da-tek-onlar-oynayib
Oxunma sayı: 716

Ötən gün Misli Premyer Liqasında 32-ci turun təyinatları açıqlandı. “Qafqazinfo” xəbər verir ki, təyinatlar zamanı diqqət çəkən məqam “Zirə” – “Sumqayıt” matçını idarə edəcək hakimlərin adları idi. 

Bu qarşılaşmada baş hakim Cavid Cəlilov, VAR hakimi isə İnqilab Məmmədov olacaq. Maraqlı məqam ondan ibarətdir ki, hər iki hakim “Zirə”nin matçında yol verdiyi səhvlərə görə cəzalandırılmışdı.

C.Cəlilov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında zirəlilərin “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldiyi matçda iki penaltini vermədiyinə görə ağır cəza almış və uzun müddət təyinatlardan kənarda qalmışdı. 

İnqilab Məmmədov isə Misli Premyer Liqasının 28-ci turunda “Zirə” – “Neftçi” (1:1) matçında son dəqiqələrdə “ağ qaralar”ın qolunu qeydə aldığı üçün ikinci liqa matçlarına göndərilmişdi. 

Amma onlar mayın 17-də “Zirə” – “Sumqayıt” matçında əsas söz sahibi olacaqlar. Avrokuboklar yolunda çempionatın həlledici mərhələsində bu cür təyinatların olması hələ oyundan əvvəl şübhələrə yol açır. Məhz “Zirə”nin lehinə verdikləri qərarlara görə cəzalanan referilərin üzərində böyük təzyiq olacağı şübhəsizdir. Səhv etmək qorxusu ilə oyun idarə edəcək ədalət təmsilçilərinin edəcəkləri ən xırda səhv belə suallar yaradacaq. C.Cəlilov və İ.Məmmədov cəzalarının qisasını ya “Zirə”dən ala bilər, ya da “qartallar”ın əleyhinə qərarlar verməklə sanki əvvəlki günahlarını yumağa çalışa bilərlər. 

“Zirə” isə Azərbaycan Kubokunun finalında “Sabah”a məğlubiyyətdən sonra avrokubok şansını demək olar ki, çox azaltdı. Rəşad Sadıqovun komandası üçün hazırda tək şans qalır – “Neftçi” son iki turdakı matçlarda xal itirməlidir. Onların bir məğlubiyyəti belə zirəlilərin işinə yaramır. 

Bütün bunların fonunda Rəşad Sadıqovun komandası böyük tənqidlərə məruz qalır, millimizin sabiq kapitanı isə oynatdığı müdafiə futboluna görə qınanılır. 

Dünya futboluna nəzər salsaq, bu cür futbol oynayan və məşqçisi məşhurlardan olan bir neçə kluba rast gələrik. Məsələn, Dieqo Simeone “Atletiko”da (Madrid) illərdir eyni futbola üstünlük verir, amma komanda onun rəhbərliyi altında ən böyük nəticələrə imza atır. Antonio Konte illərdir oynatdığı müdafiə futbolu ilə uğurlu nəticələr qazanır. Bunun səbəbi isə həmin məşqçilərin əlində olan büdcə və ona uyğun futbolçulardır. Məqsəd isə nəticə qazanmaqdır. Tarixdə isə həmişə nəticələr qalır. 

R.Sadıqov 2020-ci ildə “Zirə”yə təyinat alandan 6 dəfə mükafatçılar sırasına düşüb, 3 dəfə kubok finalı oynayıb. Hər 3 finalda isə ölkə çempionuna məğlub olub. Maraqlısı odur ki, onun komandası finalların hər 3-də öz keyfiyyətini ortaya qoya bilib. 

Amma istənilən halda büdcəsi “Qarabağ”dan, “Sabah”dan, “Neftçi”dən xeyli aşağı olan klubun hər mövsüm titullar uğrunda, avrokuboka getmək yolunda mübarizəsi təqdirəlayiqdir. Ötən mövsüm isə “Zirə” Azərbaycan çempionatının ən yaxşı futbol oynayan komandalarından biri idi. 

“Qarabağ”dan sonra ən baxımlı futbolu məhz R.Sadıqovun komandasının ifasında görürdük. Onun Fransa ikinci liqasından heyətə qatdığı 19 yaşlı Salifu Suma isə liqanın ən yaxşı oyunçularından biri idi. Məhz hücum xəttində keyfiyyətli futbolçunun olması hücum futbolu oynamaq üçün şərait yaradırdı və R.Sadıqov isə bundan istifadə edirdi. 

Mütəxəssis özü də daha yaxşı futbol oynamaq üçün üstsəviyyəli futbolçulara ehtiyacı olduğunu vurğulayıb. Büdcə məsələsinə görə isə istədiyi oyunçuları heyətə qata bilmədiyini etiraf edib. 

Ümumiyyətlə, son vaxtlar klub ətrafında sanki bilərəkdən mənfi imic formalaşdırılıb. Düzdür, “qartallar”ın oyunlarında klubun lehinə hakim səhvləri olub və bunu zirəlilərin irəli çəkilməyinə bağlayanlar da var. Halbuki “Zirə” özü vaxtilə hakim səhvlərindən ən çox əziyyət çəkən klublardan olub. Bununla belə komanda özündə güc toplayaraq həmin dövrlərdə avrokuboklara vəsiqə qazana bilib. Maraqlıdır ki, bu il “kömək edilən” “Zirə” böyük ölçüdə mövsümü boşa verib. 

Rəşad Sadıqov özü mətbuat konfransında bildirib ki, “Turan Tovuz” və “Neftçi” ilə görüşlərdə hakimlər “Zirə” lehinə səhv edib. Halbuki baş məşqçinin bu etirafı gələcəkdə həmin hakimlərin ondan həlledici anlarda qisas almaq istəyinə düşə bilər. Hər halda bir baş məşqçinin futbol məsuliyyəti ilə kənardan danışan azarkeşin məsuliyyəti eyni deyil. Çünki azarkeş sözünü deyib gedir, amma həmin səhvi etiraf edən hakimlərlə həmin məşqçinin yolu axır-əvvəl kəsişəcək. Heç kim zəmanət vermir ki, hakim buna görə mütəxəssisi dolayısı yolla cəzalandrmayacaq. 

“Zirə” 2020-ci ildən sonra 3 dəfə avrokubokların iştirakçısı olub. R.Sadıqovun rəhbərliyi altında komanda 2021/22 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulub və “Makkabi”yə (Təl-Əviv) uduzaraq mübarizəni dayandırıb.

“Qartallar” son 10 ildə avrokuboklarda “Qarabağ”dan sonra pley-off-a çıxan ilk Azərbaycan komandasıdır. Komanda 2024/2025-ci il mövsümündə Avropa Liqasından mübarizəyə başlayır. Burada “Şerif”ə uduzduqdan sonra Konfrans Liqasının 2-ci təsnifatından yoluna davam edir. İkinci mərhələdə “DAK 1904”, üçüncü mərhələdə isə Xorvatiyanın güclü “Osiyek” klubu mübarizədən kənarlaşdırılır. Pley-off-da isə “Zirə” büdcəsi özündən qat-qat yuxarı olan Kiprin “Omoniya” klubu ilə üz-üzə gəlir.

Hazırda “Sabah”ın çalışdırıcısı olan Valdas Dambrauskasın həmin zamanlarda başçılıq etdiyi “Omoniya”ya evdə 1:0 hesabı ilə qalib gələn R.Sadıqovun yetirmələyi səfərdə 0:6 uduzaraq mübarizəni dayandırır. 

Cari mövsümün əvvəlində isə “Zirə” avrokuboklarda Xorvatiyanın “Hayduk” (Split) klubuna qırmızı vərəqə alaraq uduzur. 

Yəni büdcəsi digər rəqiblərindən xeyli aşağı olan “Zirə” ölkə çempionatında sabitliyini qoruyur və yoluna davam edir. 

Bu mövsüm isə “Zirə” yenə də son ana qədər medallar uğrunda mübarizə apardı, kubokda finala çıxdı. Lakin hazırda onların avrokuboklara getməsi sual altındadır. Amma bu baş verməsə belə, komanda çempionata rəng qatmağı bacarır. 

Elsevər Məmmədov