Ramin Məmmədov Dövlət Komitəsinin sədri təyin edildi

ramin-memmedov-dovlet-komitesinin-sedri-teyin-edildi
Oxunma sayı: 13268

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ramin Ələmşah oğlu Məmmədov Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov indiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatı seçilib. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.

O həm də, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Xatırladaq ki, növbədənkənar prezident seçkilərindən sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni hökumətdə yer almayıb. Komitənin sədri vəzifəsini müvəqqəti olaraq Səyyad Salahlı icra edirdi.