Rusiya Qərbin kosmik sahədəki üstünlüyünü, xüsusilə Ukraynaya müharibə zamanı böyük dəstək verən “Starlink” peyk şəbəkəsini zəiflətmək üçün yeni peyk əleyhinə silah hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi NATO kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.
Nəşr yazır ki, sözügedən silahın iş prinsipi digərlərindən fərqlənir. Belə ki, bu, “Starlink” peyklərinin orbitlərini bir neçə millimetr ölçüsündə yüz minlərlə mikrohissəciklə doldura bilən sistemə malik bir qurğudur.
Məlumata görə, bu hissəciklər eyni anda bir neçə peyki sıradan çıxarmaq gücünə malikdir. Onlar, əsasən, peyklərin günəş panellərinə zərər vuraraq onları enerjisiz qoyur. Yaradılan süni kosmik zibil Rusiya və Çin də daxil olmaqla, digər ölkələrin orbital sistemləri üçün də ciddi risk yaradır.
Bildirilib ki, rəsmi Moskva bu layihədən real hücum vasitəsi kimi deyil, daha çox Qərbə təzyiq göstərmək və kosmik sferada qorxu yaratmaq məqsədilə istifadə edir.
Son xəbərlər
Son Xəbərlər