Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur

rusiyada-yapon-jurnalist-hebs-olundu
Oxunma sayı: 403

Rusiyanın Saxalin vilayətində Yaponiyanın “Hokkaido Shimbun” qəzetinin müxbiri 34 yaşlı İmai Yuki casusluq ittihamı ilə həbs olunub.

“Qafqazinfo” “Ostorojno, novosti” teleqram kanalına istinadən xəbər verir ki, yaponiyalı jurnalist Rusiyanın müdafiə qabiliyyətinə dair məxfi məlumatları toplamaqda şübhəli bilinir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) bəyanatında qeyd olunur ki, İmai Yukinin Yaponiyanın xüsusi xidmət orqanlarından birinin xeyrinə casusluq fəaliyyəti həyata keçirdiyi ehtimal edilir. Saxalində saxlanıldıqdan dərhal sonra o, istintaq tədbirlərinin davamı üçün paytaxt Moskvaya aparılıb.

Faktla bağlı xarici vətəndaşa qarşı cinayət işi açılıb.

Məlumata görə, 34 yaşlı jurnalist Rusiyaya bu ilin yayında gəlib. O, Primorye diyarını, Vladivostok və Naxodka şəhərlərini gəzərək yerli sakinlərdən, eləcə də Yaponiyada yaşayan rusdillilərdən müsahibələr alıb. Jurnalistin, əsasən, Uzaq Şərqin həyatı, Sovet-Yapon müharibəsi və iki ölkə arasındakı tarixi münasibətlərlə maraqlandığı bildirilir.