“Sabah” “Zirə” ilə matçdakı hakim idarəçiliyinə etiraz etdi

sabah-zire-ile-matcdaki-hakim-idareciliyine-etiraz-etdi
Oxunma sayı: 1747

“Sabah” klubu Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyi ilə bağlı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, açıqlamada qarşılaşmanın baş hakimi Tural Qurbanovun verdiyi qərarların təzadlı olduğu bildirilib.

Açıqlamada müxtəlif oyunlarda verilmiş fərqli qərarlar da qeyd edilib:

- Rəqib komandanın futbolçusu Pyer Zerbi futbolçumuz Emmanuel Apehə qarşı kobudluq edir, lakin hakim nəinki hər hansı vərəqə, hətta cərimə zərbəsi belə təyin etmir. Oxşar epizod yenə Pyer Zerbi tərəfindən “Zirə” – “Sumqayıt” oyununda da yaşanmışdı. Həmin vaxt matçın baş hakiminin qərarı birbaşa qırmızı vərəqə olur.

- Oyunun 33-cü dəqiqəsində rəqibin futbolçusu Ruan Renato komandamızın üzvü Namik Ələskərovun üzünə zərbə endirsə də, matçın baş hakimi nə hər hansı vərəqə, nə də cərimə zərbəsi təyin edir. Cəmi 9 dəqiqə sonra oxşar qayda pozuntusuna yol verən futbolçumuz Emmanuel Apeh isə sarı vərəqə ilə cəzalandırılır.

- Hakim haqsızlığı ilə üzləşmiş Emmanuel Apeh bu qərara bir qədər sərt reaksiya göstərir. Hakimin bu reaksiya üçün qərarı ikinci sarı vərəqə və meydandan qovulma olur. Maraqlıdır ki, bu matçdan cəmi bir gün öncə keçirilmiş “Səbail” – “Turan Tovuz” oyununda futbolçunun oxşar etirazı heç bir vərəqə ilə dəyərləndirilmir.

“Sabah” – “Zirə” oyununun gedişində “Zirə” klubunun oyunçusu Abbas İbrahim hakimə sərt etiraz bildirsə də, Apehin epizodundan fərqli olaraq hakim heç bir vərəqə göstərməyə ehtiyac görmür. Əvəzində futbolçuya yaxınlaşaraq ona təskinlik verir və sakitləşdirir. 

- Oyunun 90-cı dəqiqəsində, düz hakimin gözü qarşısında rəqibin hücumçusu Vladislav Kulaçla komandamızın müdafiəçisi Maruan Hadudi arasında müəyyən gərginlik yaşanır. Matçın baş hakimi sonradan bu oyunçular arasında olan mübarizəni diqqətdən kənarda saxlayır. Cəmi bir neçə saniyə sonra isə Kulaç komandamızın müdafiəçisi Hadudinin ayağına topsuz zonada aşkar zərbə endirir. Maraqlıdır ki, bu epizod VAR hakimlərinin də diqqətini cəlb etmir.