Şəkidə Əməkdar artist Əbülfət Salahovun yubileyi qeyd olundu - Fotolar

sekide-emekdar-artist-ebulfet-salahovun-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1805

Mayın 18-də Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Əbülfət Salahovun 60 illik yubileyi və səhnə fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yubiley tədbirində şəhər rəhbərliyi, ziyalılar, gənclər və teatrsevərlər iştirak edib.

Tədbirdə Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanan tamaşa nümayiş olunub.

Tamaşada Vaqif obrazını yubilyar, Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını Əməkdar artist Xanlar Həşimzadə canlandırıb.

Tədbirdə Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası Əbülfət Salahovun səhnə fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki,1977-ci ildən həvəskar aktyor kimi teatrda əmək fəaliyyətinə başlamış Ə. Salahov işlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 200-dən artıq tamaşada müxtəlif maraqlı, yaddaqalan obrazlar yaradıb. O, bir neçə dəfə Azərbaycan Prezidentinin mükafatına layiq görülüb, 2013-cü ildə “Əməkdar artist”  fəxri adını alıb.

Yubiley tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan teatrının uzun və şərəfli tarixi yol keçdiyini, təatr sənətinə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib. Yubilyarı təbrik edən icra başçısı ona Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.