Şəkidə yanğının söndürülməsinə helikopterlər cəlb olundu - Yenilənib

sekide-yanginin-sondurulmesine-helikopterler-celb-olundu
Oxunma sayı: 2153

Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya bildirib ki, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb.

Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur: “Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”.  

İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq, təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsulliyəti hiss etməyə çağırıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğın hadisəsi barədə məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.