İstanbul Valiliyi şəhərə təsir edən şiddətli fırtınanın nəticələri ilə bağlı açıqlama yayıb. Səhər saatlarında başlayan və günorta saatlarında sürəti saatda 90 kilometrə çatan güclü külək şəhərdə ciddi fəsadlara yol açıb.
“Qafqazinfo” xəbər verir ki, fırtına nəticəsində 45 ağac aşıb, 89 binanın damı uçub.
İstanbul və Sabiha Gökçen hava limanlarında ümumilikdə 97 daxili və beynəlxalq reys ləğv edilib. Dəniz nəqliyyatı da fırtınanın mənfi təsirləri ilə üzləşib, belə ki, İstanbul Boğazı bir müddət iki istiqamətli gəmi hərəkəti üçün bağlanıb, bərə və dəniz avtobusu reysləri dayandırılıb.
Tuzla, Pendik və Kartal sahillərində ümumilikdə 45 qayıq zədələnib. Kartal Dəmir Sahəsində mühərrik nasazlığı səbəbindən sürüklənən 80 metr uzunluğundakı “Beypazarı” adlı yük gəmisi Sahil Təhlükəsizliyi və Gəmi Hərəkəti Xidmətlərinin koordinasiyası ilə yedək gəmisi vasitəsilə təhlükəsiz şəkildə lövbərlənib.
Valiliyin açıqlamasına görə, Meteorologiya Baş İdarəsinin xəbərdarlıqlarından sonra müvafiq qurumlar əvvəlcədən məlumatlandırılıb. Fırtına səhər saat 05:00-dan etibarən müşahidə olunmağa başlayıb və axşam saatlarına qədər davam edib. Gün ərzində təhlükəli dağıntılarla bağlı 350-yə yaxın müraciət daxil olub, hadisələrə AFAD, yanğınsöndürmə xidmətləri və 112 təcili tibbi yardım qrupları müdaxilə edib.
Fırtına nəticəsində bir vətəndaş yüngül xəsarət alıb. Valilik sakinləri dam uçmaları, dəm qazı və təbii qaz zəhərlənməsi, eləcə də, daşqın risklərinə qarşı ehtiyatlı olmağa çağırıb.




Son xəbərlər
Son Xəbərlər