ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisi zorakılığa təşviq etməkdə ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Prezident qeyd edib ki, demokrat liderin ritorikası ona qarşı sui-qəsd cəhdinə rəvac verib:
“Bu dəli, “aşağı IQ-lü” Hakim Ceffris zorakılığa təhrikdə ittiham olunmalıdır!”.
Tramp, həmçinin sol düşüncəli radikalları ABŞ-ni məhv etmək istəyində günahlandıraraq, Ceffrisin çıxışlarının hücumda rol oynaya biləcəyini vurğulayıb.
Dövlət başçısı öz paylaşımına Ceffrisin və Ağ Evdəki tədbirdə atəş açan müəllim Koul Tomas Allenin fotosunu da əlavə edib.
Xatırladaq ki, insident aprelin 25-də Vaşinqtonda, Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verib. Belə ki, silahlı şəxs içəri daxil olmağa çalışaraq atəş açıb və nəticədə Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb, prezident isə xəsarət almayıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də Ceffrisi “bandit” və ABŞ üçün təhdid adlandırmışdı.

Son xəbərlər
Son Xəbərlər