Taylanddakı Khao Kheo zooparkından olan məşhur dişi begemot Mu-Denq ABŞ-nin yeni prezidentinin kim olacağını proqnozlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Independent” yazıb.
Mu-Denqin fikrini öyrənmək üçün zoopark işçiləri ona iki qarpız təklif ediblər. Onlardan birinin üzərində Demokratlar Partiyasının namizədi Kamala Harrisin, digərində isə Respublikaçı Donald Trampın adı kəsilərək yazılıb.
Mu-Denq tərəddüd etmədən Trampın adı olan qarpızı seçib və beləliklə, onun prezidentlik yarışında qalib gələcəyini proqnozlaşdırmış olub.
Qeyd edək ki, Mu-Denq iyul ayında Şri Raça şəhərində yerləşən Khao Kheo zooparkında anadan olub. Begemot internet ulduzuna çevrilib və cəmi üç həftə ərzində zooparka külli miqdarda pul qazandırıb.
Belə ki, Mu-Denq və digər begemotlara qulluq edən zoopark işçisi Attapol Nandi mütəmadi olaraq sosial şəbəkələrdə onun foto və videolarını paylaşmağa başlayıb. Sentyabrın 20-də axşam saatlarında eyni vaxtda 44 min insan canlı yayımda onu izləyib ki, bu da rekord göstəricidir. İnsanlar Mu-Denqi görmək üçün uzun növbələrə düzülürlər.