ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəsə razılaşdıqlarını açıqlamasından sonra maliyyə bazarlarında kəskin hərəkətlilik müşahidə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, iş saatlarından sonrakı ticarətdə ABŞ səhm fyuçersləri artım göstərib. Belə ki, “Dow” fyuçersləri 1,53%, “S&P 500” fyuçersləri 1,58%, “Nasdaq” fyuçersləri isə 1,68% yüksəlib.
Eyni zamanda, enerji bazarında əks tendensiya qeydə alınıb. Xam neft fyuçersləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Xüsusilə “West Texas Intermediate” (WTI) markalı neftin fyuçersləri iş saatlarından sonra 10 faizdən çox geriləyib.
***
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin Pakistanın təklif etdiyi İranla iki həftəlik atəşkəsə razı olduğunu açıqlamasından sonra xam neftin qiyməti çərşənbə axşamı kəskin şəkildə düşərək, barel üçün 100 dollardan xeyli aşağı enib.
Bu, 1991-ci il Körfəz müharibəsindən bəri neft bazarında müşahidə olunan ən böyük bir günlük sərbəst eniş kimi qiymətləndirilir.
Qlobal etalon olan “Brent” xam nefti fyuçers qiyməti təxminən 16% azalararaq, barel üçün 93 dollara düşüb. ABŞ-nin etalon markası olan WTI xam nefti isə təxminən 19% düşərək barel üçün 92 dollar səviyyəsinə geriləyib.
“S&P Global Energy Platts”ın məlumatına görə, bazarda “Brent” xam neftin qiyməti əvvəlki rekord səviyyə olan 144,42 dollara çatmışdı. Enerji Departamentinin məlumatına görə isə, mart ayında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Bəhreyn ümumilikdə gündəlik xam neft hasilatını 7,5 milyon barel azaldıblar ki, bu da bazarda qiymətlərin yüksək qalmasına səbəb olmuşdu.
Qeyd edək ki, Tramp bildirib ki, atəşkəs razılaşması İranın Hörmüz boğazıı tam açmasına bağlıdır. Bu su yolu dünyanın dəniz yolu ilə neft ticarətinin təxminən dörddə birini idarə etdiyi üçün onun bağlanması neft bazarında ciddi pozuntulara səbəb olmuşdu.
İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, boğazdan keçid “İran Silahlı Qüvvələri ilə koordinasiya yolu ilə və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq”.
Son xəbərlər
Son Xəbərlər