“Türkiyə-Azərbaycan qardaşlığı möhkəm təmələ əsaslanır”

turkiye-azerbaycan-qardasligi-mohkem-temele-esaslanir
Oxunma sayı: 932

“Dünyaya qardaşlığın nümunəsini göstərən Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni istiqamətlər üzrə inkişaf edir. Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M. Həsənov qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında etimad mühitinin mövcudluğu əsas faktordur:

“Azərbaycan və Türkiyə biri-biri ilə sıx tellərlə bağlıdır. Münasibətlər daim yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, imzalanan hər bir sənəd əlaqələrin inkişafına öz töhfəsini verir. Səfər çərçivəsində imzalanan sənədlərin hər biri birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

Deputat onu da əlavə edib ki, dünyanın diqqətində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu.

Malik Həsənov bildirib ki, tarixi zəfərimizdən bugünədək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə yönələn qarşılıqlı səfərlərin say tərkibinə, atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir:

“Qarabağın tacı Şuşa bu dostluğun, qardaşlığın, müttəfiqliyin rəsmiləşdirilməsinə şahidlik etdi. İmzalanan Şuşa Bəyannaməsi dünyaya səs saldı. Hər bir önəmli hadisəni iki dost ölkənin Prezidentlərinin birgə qeyd etmələri diqqətdən kənarda qalmır. Bu, bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir, bir-birlərinə dəstəklərini əsirgəmirlər. Qarşılıqlı etimad mühitinin mövcudluğu münasibətlərin dayanıqlı inkişafında öz sözünü deyir”.

Parlamentari Azərbaycan və Türkiyənin hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının möhkəmlənməsinə verdiyi töhfələrə də diqqəti yönəldib:

“Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşünün bu ilin iyul ayında Qarabağın tacı Şuşada keçirilməsi qürurverici hadisə kimi qeyd olundu. Azad Qarabağımız türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də Zirvə Görüşündə müşahidəçi statusunda iştirakı ümumi işimizə, türk xalqlarının birliyinə növbəti güclü təkan verəcək”.