Ucarda 14 avtomobil toqquşdu, ölənlər var - Fotolar+Yenilənib

ucarda-14-avtomobil-toqqusdu-olenler-var
Oxunma sayı: 7319

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı xəsarət alanlar 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədovdur. 

Yaralılardan bəziləri Ucar rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

***

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev “Qafqazinfo”ya qəzanın baş vermə səbəbini açıqlayıb:

“Bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində yaxın məsafalərdə bir neçə qəza baş verib.

Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.  İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması və arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır”.

Yunis Quliyev