Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı səfərbərlik yaş həddinin 60-dan 50 və ya 55-ə endirilməsini müzakirə edir.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko məlumat verib.
Kostenkonun sözlərinə görə, Baş Qərargah ordu üçün kritik və ya qıt ixtisas sahibi olan hərbi vəzifəlilər istisna olmaqla, 50 və ya 55 yaşdan yuxarı vətəndaşların çağırışına məhdudiyyət qoyulması variantını dəyərləndirir:
“Yekun qərar hələ qəbul edilməyib və hazırda müxtəlif ssenarilər nəzərdən keçirilir. Səfərbərlik yaşının yuxarı həddinin endirilməsi üçün qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur, müvafiq idarəetmə qərarı kifayətdir. Eyni zamanda, 25 yaşdan aşağı vətəndaşların səfərbər olunması məsələsi gündəmdə deyil”.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinə səfərbərlik sistemində dəyişikliklər edilməsi ilə bağlı tapşırıq vermişdi.
Son xəbərlər
Son Xəbərlər