Kanadanın “Viktoriya” Beynəlxalq Hava Limanından “Toronto Pearson” Beynəlxalq Hava Limanına uçmalı olan “Porter Airlines” aviaşirkətinin PD444 reysi qeyri-adi səbəbdən havaya qalxa bilməyib.
“Qafqazinfo” xəbər verir ki, hadisəyə səbəb azyaşlı sərnişinin təhlükəsizlik kəmərini bağlamaqdan və oturacağında əyləşməkdən imtina etməsi olub.
“Porter Airlines”in sözçüsü Bred Siseronun sözlərinə görə, valideyn və kabin heyəti uşağı oturacağına əyləşdirməyə çalışsa da, buna nail olmaq mümkün olmayıb.
Nəticədə təyyarə uçuş-enmə zolağından terminala geri qaytarılıb. Uşaq və valideyni təyyarədən endirilib, onların baqajı götürülüb və uçuşla bağlı prosedurlar yenidən həyata keçirilib. Lakin proses vaxt apardığı üçün hava limanının uçuş-enmə zolağının saat 00:30-da bağlanması uçuşun tamamilə ləğv edilməsinə səbəb olub.
Aviaşirkət digər sərnişinlərdən üzr istəyib. Bildirilib ki, reys növbəti gün günortadan sonra Torontoya yola düşüb.
Hadisənin şahidi olan sərnişinlərdən biri Arye Kozuç təyyarədə gərginlik yarandığını, lakin uşağın aqressiv davranmadığını bildirib.
Onun sözlərinə görə, uşaq əksinə, çox qorxmuş vəziyyətdə olub və hətta oturacağın altında gizlənməyə çalışıb.
Digər sərnişin Hillari Hersberq isə aviaşirkətin hadisə boyunca sərnişinlərlə kifayət qədər məlumat paylaşmadığını deyib. O, uçuş ləğv edildikdən sonra sərnişinlərin yerləşdirilməsi ilə bağlı da narahatlıq yarandığını bildirib.
Son xəbərlər
Son Xəbərlər