“Uşaqların heç bir sənədi yoxdur, quru çörəyə belə icazə verilməyib”

usaqlarin-hec-bir-senedi-yoxdur-quru-coreye-bele-icaze-verilmeyib
Oxunma sayı: 1129

“Uşaqlardan - qızın 8, oğlanın isə 9 yaşı var. Onların heç bir sənədi yoxdur. Sənədləri olmadığı üçün təhsildən yayındırılıblar və hazırda dövlət xəstəxanalarında həkim yoxlanışından keçə bilmirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən uşaqlarla bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda sığınacaqda olan uşaqlarla psixoloq məşğul olur: “Tezliklə onların qida və geyim təminatı da həll ediləcək. Biz sığınacaq olaraq onların özəl xəstəxanada və ya tanış bir həkimin müayinəsindən keçə bilmələri üçün səy göstəririk. Əsas məqsədimiz uşaqların sənədlərini düzəltməkdir. Daha sonra təhsillərini bərpa etməyə çalışacağıq. Ana və ya ata sığınacağa gəlib bizə bu məsələdə köməklik göstərsələr, daha rahat olar. Çünki bəzi sənədlərin alınmasında valideynin rolu vacibdir”.

M.Zeynalova qeyd edib ki, uşaqlardan alınan məlumatlara əsasən, şirniyyat alıb-sataraq işləyən anaları narkotik aludəçisi imiş: “Uşaqlar öz valideynlərinin yaşlarını da bilmirlər. Amma valideynlərini çox sevdiklərini deyiblər. Uşaqların sözlərinə görə, ata onları bir müddət ögey nənə və babanın yanına göndərib. Orada ögey nənə tərəfindən uşaqlara psixoloji zorakılıq göstərilib, bəzən bir quru çörək yemələrinə belə icazə verilməyib. Daha sonra ana uşaqları oradan götürüb və rəfiqəsinin salonunda baxmağa başlayıb. Son 5 gün ərzində isə ana uşaqları gözəllik salonunda tərk edib və bir daha görməyə getməyib. Uşaqlardan biri ürəyində şiş olduğunu deyərək ağrılarından şikayətlənib”.

Bildirilib ki, sığınacaq nümayəndələri valideynlərdən hələ də xəbər ala bilməyib. Çağırış edilir ki, əgər ananın hər hansı müalicə dəstəyinə ehtiyacı varsa, uşaqları mütəmadi görmək şərti ilə ona yardım göstərilə bilər. Çünki sənədlərin hazırlanmasında valideynlərin verməli olduğu məlumatlar var.