“Ölkənin əsas maliyyə sənədi olan “2025-ci il dövlət və icmal büdcə layihələri” ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələr yüksək səviyyədə təşkil olunub və layihələr qəbul edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bununla bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd edib: “Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb. Strateji valyuta ehtiyatlarımız 72 mlrd dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir.
Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib.
Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib”.
***
“2025-ci ilin büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir”.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5% (129,2 mlrd.azn), qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır”, - deyə Baş nazir bildirib.
Ə. Əsədov əlavə edib ki, əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir: “2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur. Eyni zamanda hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır.
Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər